Bakıda ağacların kökünə beton tökdülər – FOTO

Bakı şəhərində ağacların kökünə beton tökülüb.

Bu barədə fotolar sosial şəbəkədə paylaşılıb.

Fotonun paytaxtın Səbail rayonu ərazisində çəkildiyi qeyd olunub.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov Oxu.Az-a açıqlamasında faktı təsdiq edib.

O bildirib ki, Birliyin əməkdaşları artıq əraziyə baxış keçiriblər:

“Səbail rayonu ərazisində ağacların köklərinə beton tökülüb. Həmin əraziyə nümayəndələr göndərilib. Təlimat verilib ki, ağac gövdələri betondan təmizlənsin və inkişafının təmin edilməsi üçün zəruri tədbirlər görülsün.

Artıq ərazidəki ağacların gövdələri beton qatından təmizlənib. Zəruri tədbirlər həyata keçirilib. Ağaclar hazırda bioloji inkişafdadır və daimi olaraq mütəxəssis nəzarətində saxlanılacaq”.

Qeyd edək ki, Birliyin nümayəndələri tərəfindən ərazidəki tikinti şirkətinin işçiləri ilə profilaktik söhbətlər aparılıb. Belə hallara yol verilməməsi izah olunaraq, şifahi xəbərdarlıq edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir