Dünyanın 130-dan çox dövləti Prezidentin təşəbbüsünü dəstəklədi

Azərbaycan COVİD-19 təhlükəsinin yarandığı ilk günlərdən nəinki öz vətəndaşlarının həyati təhlükəsizliyinin təmin edilməsi istiqamətində təxirəsalınmaz addımlar atıb, eyni zamanda qlobal məsuliyyətini dünyanın bir sıra aparıcı ölkələrindən daha çox dərk etdiyini, humanizm prinsiplərini üstün tutduğunu konkret əməli addımlarla sübuta yetirib, beynəlxalq münasibətlər sistemində nümunəvi bir dövlət olduğunu göz önünə sərgiləyib.
Şübhəsiz ki, ölkəmizin COVİD-19 pandemiyasının qarşısının alınması istiqamətində irəli sürdüyü beynəlxalq təşəbbüslər həm də Azərbaycan vətəndaşlarının həyati təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Çünki COVİD-19 qlobal təhlükədir və bu problemin bir ölkənin sərhədləri daxilində həmişəlik həlli mümkün deyil. Pandemiya özü ilə bərabər insanların həyatını təhlükəyə atan ciddi sağlamlıq problemləri gətirməklə yanaşı, neqatif təsirləri hələ uzun müddət hiss olunacaq sarsıdıcı qlobal sosial-iqtisadi və humanitar təhlükələr də yaradıb. Dünya müharibəsi qədər təhlükəli və sarsıdıcı olduğu bildirilən COVİD-19 pandemiyası şəraitində özünü təcrid və franqmentar xarakter daşıyan tədbirlər əvəzinə qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac var.
Bu baxımdan, ölkəmizin mövqeyini, eyni zamanda, qlobal miqyasda həmrəyliyə çağırış və bu məqsədlə göstərilən praktik nümunə olaraq dəyərləndirmək lazımdır. Məhz bu səbəbdən, eyni zamanda ölkəmizin beynəlxalq əhəmiyyət daşıyan humanitar təşəbbüslərinin davamı kimi, Prezident İlham Əliyev Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi. Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə kifayətdir) təşəbbüsə dəstək verdiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. Azərbaycan tərəfində olan rəsmi məlumatlara görə, sözügedən müddətin bitməsinə qədər 130-qədər ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırıblar.
130-dan çox BMT üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir. Bu etimadı isə Azərbaycan öz beynəlxalq öhdəliklərinə sadiq qalmaqla, qlobal humanitar təşəbbüsləri və Prezident İlham Əliyevin şəxsi nüfuzu sayəsində qazanıb.
Azər Kərimli
Milli Məclisin deputatı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir