Bakı metrosunda iki yeni qatar xəttə buraxıldı – YENİLƏNİB + FOTO/VİDEO

Bu ayın əvvəlində Rusiyadan gətirilərək, Bakı metropoliteninin vaqon parkına əlavə edilmiş daha dörd yeni qatardan ikisi artıq xətdə buraxılıb.

Bu barədə  “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

B.Məmmədovun sözlərinə görə, yeni vaqonlar məhz “Bakı Metropoliteni”nin texniki tələblərinə uyğun istehsal olunub:

“Qatarlar Bakının iqlim şəraitinə hesablanmış kondisionerlər avtomatik tənzimlənən mikroiqlim nəzarəti sistemi ilə təchiz edilib. Bu sistem, eləcə də ultrabənövşəyi lampalar vaqon salonunda havanın zərərsizləşdirilməsi funksiyasını da yerinə yetirir. Həmçinin, tambursuz konstruksiya istilik izolyasiyasının effektini artırmaqla, havanın salonlarda bərabər paylanmasına xidmət edir. Texniki tələblər sırasında paytaxtın yeraltı yollarının ağır hidrogeoloji şəraiti, eləcə də “Bakı Metropoliteni”nin mürəkkəb xüsusiyyətlərini nəzərə alan konstruktiv dəyişikliklər edilib. Qatar tərkibinin bütün vaqonları dartı mühərriki ilə təmin olunmaqla yanaşı, burada qəza, sürüşmə, yanğın əleyhinə ən müasir sistemlər qurulub.

Vaqonlarda daxili və xarici videomüşahidə sistemləri də var. Bu, maşinistə qatarı bütünlüklə nəzarətdə saxlamağa, istənilən sahəni idarəetmə pultunun monitorunda daha yaxından müşahidə etməyə, ətrafındakı vəziyyəti qiymətləndirməyə imkan verir. Sahəsi genişləndirilmiş maşinist kabinası sürücünün sayıqlığına nəzarət edən texniki vasitələr və intellektual dəstək sistemləri ilə təchiz edilib. Qatarda, həmçinin məlumatın yığılması, saxlanması və maşinist monitoruna ötürülməsini nəzərdə tutan özünüdiaqnostika sistemi tətbiq edilib”.

09:52

“Bakı Metropoliteni”ndə iki yeni qatar xəttə buraxılacaq.

Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, son illər ərzində yeni, ən müasir standartlara cavab verən qatarlar alınıb:

“Rusiyanın “Metrovaqonmaş” ASC-dən innovasiya baxımından ən müasir dördüncü nəslə aid 20 metro vaqonu alınıb və son üç il ərzində vaqonların inventar parkı 55 müasir tipli vaqondan ibarət 11 qatar tərkibi ilə yenilənib.

Hazırda vaqonların inventar parkı 280 vaqondan ibarətdir. Alınan qatarlardan ikisi bu gün xəttə buraxılacaq. Qatarlar “Dərnəgül” – “Həzi Aslanov” xətti üzrə hərəkət edəcək. Yaxın günlərdə sazlama sınaq testlərindən sonra daha iki qatar da xəttə buraxılacaq”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir