Lənkəran və Masallıda narkotik vasitələr aşkarlandı – VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının keçirdikləri ardıcıl uğurlu əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Lənkəran və Masallı sakinləri saxlanılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masallı rayonunun Xıl kənd sakini Fərid Abbasov saxlanılıb.

Onun üzərindən bir bükümdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Aparılan araşdırmalarla F.Abbasovun narkotik vasitəni Lənkəran rayonunun Qumbaşı kənd sakini Ağadadaş Qafarovdan əldə etdiyi müəyyən olunub.

Əməliyyat tədbirlərinin davamı olaraq sonuncunun yaşadığı evə keçirilən baxış zamanı oradan bir ədəd bağlamada çəkisi 3 kiloqram 145 qram narkotik vasitə qurudulmuş marixuana, bir bükümdə 8 qram heroin və bir bükülüdə 5,5 qram psixotrop maddə metamfetemin aşkarlanaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq Ağadadaş Qafarovun narkotik vasitəni əldə etdiyi mənbə də aşkarlanıb və həmin şəxsin Masallı rayonunun Boradigah qəsəbə sakini Hacıəli Rəfiyev olduğu müəyyən edilib. Saxlanılan H.Rəfiyevin üzərindən və yaşadığı evdən ümumilikdə 383 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir