Azərbaycan pianoçusu tarix yazdı – Video

Pianoçu Toğrul Hüseynli Almaniyada keçirilən pianoçuların XIV Motsarte Beynəlxalq Müsabiqəsinin qalibi olub.

8-11 Sentyabr tarixində dünyaca məşhur pianoçu-professorlar Vilçenzo Balzani (İtaliya), Andreas Frölih (Almaniya), Paulo Baqlieri (İtaliya), Katya Andeyeva (Rusiya-İsveç) və Volfram Şmit-Leonardi (Almaniya) münsifliyi ilə baş tutan müsabiqənin ilk 2 mərhələsi Axen Konservatoriyasında, final mərhələsi isə Axen şəhərinin məşhur “Bal” zalında keçirilib.
Müsabiqə mövcud pandemiya şərtlərinin yumşaldılmasından sonra ənənəvi qayadada keçirilən ilk müsabiqə sayılır. Dünyanın 13 ölkəsindən – İtaliya, İngiltərə, ABŞ, Yaponiya, Çin, Cənubi Koreya, Tayvan, Rumıniya, Ukrayna, Rusiya, Serbiya, Polşa və Azərbaycandan 30 iştirakçının qatıldığı müsabiqə mürəkkəb proqram şərtləri və 3 mərhələli olması ilə yalnız ən istedadlı pianoçuların mübarizə apara biləcəyi bir müsabiqədir.
Birinci mərhələdən ikinci mərhələyə 30 iştirakçıdan yalnız 8 pianoçu keçə bilib. Gərgin mübarizə ikinci mərhələdə də davam edib. Belə ki, bu mərhələdə 40 dəqiqəlik proqramla çıxış edən həmyerlimiz Toğrul Hüseynli ifa etdiyi R.Şumanın “Simfonik etüdlər” op.13 silsiləsi və L.V.Behhovenin C dur op.53 “Avrora” Sonatası ilə bütün münsiflər heyətini məst etdi. Müsabiqənin final mərhələsinə yalnız 3 iştirakçı – Toğrul Hüseynli, Ukrayna və Çinin pianoçuları keçə bilib.
Finalda Toğrul Hüsenli V.A.Motsartın KV310 a moll, və S.Prokofyevin 7 saylı op.83 Sonatasını yüksək səviyyədə ifa edərək digər iki həmkarını geridə qoydu. Birinci dərəcəli mükafat yalnız Toğrul Hüseynliyə təltif olundu.
Qeyd edək ki, Toğrul Hüseynli Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynlinin oğludur və dəfələrlə İspaniya, Almaniya, Ukrayna, Azərbaycan və dünyanın digər ölkələrində keçirilmiş nüfuzlu Beynəlxalq Müsabiqələrinin qalibi və laureatı olub. Azərbaycanımızın adını iştirak etdiyi beynəlxalq müsabiqələrdə, festivallarda, konsertlərdə yüksək zirvələrə qaldıran istedadlı pianoçumuzu ürəkdən təbrik edir və yeni yaradıcılıq zirvələri diləyirik.(kult.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir