Mədəniyyət Nazirliyində yeni kadr təyinatı

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyinat olub.
Mədəniyyət Nazirliyindən Axar.az-a verilən məlumata görə, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Cəfərli Azad Məhyəddin oğlu müvafiq vəzifəyə təyin edilib.
Həmçinin, Dövlət Xidmətinin rəisi vəzifəsinin səlahiyyətləri Azad Cəfərliyə həvalə edilib.
Azad Cəfərli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin 1999-cu ildə “Beynəlxalq hüquq” ixtisası üzrə bakalavr, 2001-ci ildə “Beynəlxalq münasibətlər” ixtisası üzrə magistr, Cenevrə İnsan hüquqları Akademiyasının Beynəlxalq humanitar hüquq və insan hüquqları üzrə elmlər namizədi (L.L.M.) dərəcələrini alıb. “İşğal olunmuş ərazilərdə mədəni sərvətlərin qorunması” mövzusunda diplom müdafiəsi edib. Həmçinin, beynəxalq hüquq və beynəlxalq münasibətlər sahəsində bir sıra kurslarda və təlimlərdə iştirak edib.
Əmək fəaliyyətinə 1999-cu ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində başlayıb. 2004-2008-ci illərdə Azərbaycan Respublikasının BMT-nin Cenevrə bölməsi yanındakı Daimi Nümayəndəliyində çalışıb.
2008-2012-ci illərdə Xəzər dənizinin hüquqi statusu, dəniz ətraf mühitinin qorunması, insan hüquqları və digər sahələrdə ekspert kimi fəaliyyət göstərib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Beynəlxalq əlaqələr şöbəsinin müdiri (2012-2016) vəzifəsində çalışıb.
Son təyinatadək Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparatının rəhbəri vəzifəsini daşıyıb.
Beynəlxalq hüquq və dövlət xidmətlərinin göstərilməsi mövzusunda bir sıra məqalələrin müəllifidir. “Qərb” Universitetində, ADA Universitetində və “ASAN xidmət”in Təlim mərkəzində beynəlxalq hüquq, danışıqların aparılması, dövlət xidmətlərinin göstərilməsi konsepsiyası üzrə qabaqcıl təcrübə mövzularında yerli və əcnəbi dinləyicilərə mühazirələr deyib.
İngilis, fransız, rus və türk dillərini bilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir