“Bu, o Türkiyədir ki, onun əzəməti ilə bütün dünya artıq hesablaşmağa məcburdur…”


Bu gün yenə də şəhid xəbərli ilə açdıq. Ürəyimiz yandı və qisas hissimiz birə beş artdı. Artıq təkcə Birinci Qarabağ Savaşının qazilərinin deyil, məmləkətdə məmə deyəndən pəpə yeyəyəndək hamının əsəbləri tarıma çəkilib. İllərlə gözlədiyimiz Müqəddəs Savaşın artıq ayaq səsləri eşidilməyə başlayıb. Azərbaycan cəmiyyəti bütünlüklə müharibəyə köklənib. Eyni zamanda dünyada və regionda surətlə baş verən hadisələr işğal edilmiş torpaqlarımızın azad edilməsi naminə müharibəni zəruri edir. Hamı anlayır ki, qaçılmaz olan müharibə miqyasına görə 2016-ilin aprel və bu ilki Tovuz döyüşlərini kölgədə qoyacaq. Ermənistanla danışıqların mənasız olduğunu bildirən Ali Baş Komandan xalqa həqiqəti söylədi. Seçim xalqındır. Xalq isə çoxdandır bu günü gözləyir. Azərbaycan 30 il əvvəlki zəif, ordusuz, arxasız dövlət deyil. Düşməni məhv edə biləcək qüdrətə malik ordusu olan Azərbaycan bu dəfə qardaş Türkiyəni öz yanında görür. Bu, o Türkiyədir ki, onun əzəməti ilə bütün dünya artıq hesablaşmağa məcburdur.
İşğal olunmuş torpaqların azad edilməsinə biz heç zaman bu qədər yaxın olmamışıq. Xalqın israrla müharibə çağırışı və dövlətin bu istiqamətdə atdığı addımlar, xalq ilə dövlət arasında vəhdət yaranması qarşıdakı müharibənin tam qalibiyyətli olacağından xəbər verir. Bir sözlə, tarixi məqam yetişib və biz qələbəyə məhkumuq.
Kəşfiyyat komandiri İbad Hüseynov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir