“Ehtiyatda olan hərbçilərin təlimlərə cəlb edilməsi, işğalçı ölkədə həyəcana səbəb olub”

Fikrət Sadıqov: “Bu günə qədər sərt bəyanatlarla çıxış edən Ermənistan, indi danışıqlara hazır olduğunu bəyan edir”


Məlum olduğu kimi, son günlər ölkəmizdə ehtiyatda olan hərbi vəzifəlilərin təlimlərə cəlb edilməsi həyata keçirilməkdədir.

 

Azərbaycanın bu addımı, habelə ölkə başçısının Ermənistanın ünvanına səsləndirdiyi sərt bəyanatlar, xalqın problemi hərbi yolla həll etmək istəyi Ermənistan tərəfini geri addım atmaq, Qarabağ probleminin diplomatik yolla həlli ilə bağlı danışıqlar prosesində aktiv iştirakına səbəb ola bilərmi?

 

Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

 

“Biz kimisə qorxutmaq fikrində deyilik. Biz real addımlar atırıq. Biz buna hazır olmalıyıq. Ehtiyatda olan hərbçilərin təlimlərə cəlb edilməsi də bununla bağlıdır. Bu, bütün dünyada normal praktikadır. Əgər söhbət Ermənistanın reaksiyasından gedirsə, artıq işğalçı ölkədə müəyyən həyəcan var. Bunu ermənilərin siyasi ekspertləri də bəyan etməkdədir. Düşmənin xarici işlər naziri bəyan edib ki, Ermənistan danışıqlara hazırdır. Bu günə qədər sərt bəyanatlarla çıxış edən Ermənistan, indi danışıqlara hazır olduğunu bəyan edir. Bu, heç də o demək deyil ki, biz bu bəyanatdan dərhal sonra dərhal danışıqlarda iştirak etməliyik. Düşünürəm ki, həqiqətən də danışıqlar dalana dirənib və burada çıxış yolu axtarmaq lazımdır. Bu isə vasitəçilərin missiyasına aiddir. Onlar bunu etməli, reallığı nəzərə alaraq konkret addımlar atmalıdırlar.

 

Paşinyan rejimindən narazı olan bir sıra partiyalar oktyabrın əvvəlində mitinq keçirməyə hazırlaşır. Cəmiyyətdə Paşinyanın siyasəti ilə bağlı ciddi narazılıq var. Bu, həm xarici siyasət, həm də daxili siyasətlə bağlıdır.

 

Paşinyan və Qarabağdakı qondarma rejim rəhbərinin verdiyi təxribatçı bəyanatlar yolverilməzdir Biz düşmənin hər bir təxribatına cavab verməyə daim hazır olmalıyıq və hazırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir