AMEA-da qalmaqal: Professorun açıqlamaları akademiyanı lərzəyə gətirdi + VİDEO

AMEA Fəlsəfə İnstitutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru Əbülhəsən Abbasovun akademik Ramiz Mehdiyevin saxtakarlığı barədə saytımıza verdiyi açıqlama AMEA-da ciddi rezonans doğurub. Açıqlamanı oxuyub bərk qəzəblənən akademiyanın prezidenti Ramiz Mehdiyev Fəlsəfə İnstitutunun direktoru İlham  Məmmədzadəni dərhal yanına çağırıb və bu məlumatı ya saytlardan yığışdırmağı, ya da təkzib verilməsini tələb edib.
Ovqat.com-a bu barədə məlumat AMEA-dan sızdırılıb.
Məlumata görə, hirsindən “filə minmiş” akademikin bu tələbi qarşısında aciz qalan institutunun direktoru İlham  Məmmədzadə çar-naçar professor Əbülhəsən Abbasova sözlərini geri götürməsi və təkzib verməsi barədə ağız açıb. Həmişə prinsipal mövqeyi ilə seçilən Əbülhəsən müəllimin cavabı isə gözlənilən kimi olub: “Mən bildiyimi demişəm, təkzib vermək fikrində deyiləm”.
Ümidi hər yerdən kəsilən  İlham Məmmədzadə akademikin təkzib tələbini özü yerinə yetirib. O, AMEA-nın rəsmi portalında Fəlsəfə İnstitutunun adından rəsmi açıqlama verib. Açıqlamada deyilir:
“AMEA Fəlsəfə İnstitutunun açıqlaması
AMEA Fəlsəfə İnstitutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru Əbülhəsən Abbasov Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev barəsində həqiqətə uyğun olmayan məlumatlar səsləndirmişdir. Belə ki, o, mətbuata açıqlamasında akademik Ramiz Mehdiyevin guya 1993-cü ildə Prezidentin İcra Aparatının Ümumi şöbəsinə müdir təyin edildikdən sonra, öz vəzifəsindən istifadə edərək doktorluq dissertasiyasını müdafiə etdiyini bildirərək, faktları kobud şəkildə təhrif etmişdir.
İctimaiyyətin nəzərinə çatdırırıq ki, akademik Ramiz Mehdiyev elmlər doktoru dissertasiyasını 1993-cü ilin dekabr ayında müdafiə etmişdir. Bu fakt öz təsdiqini Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq sənədlərində də tapmışdır. Bir faktı da xatırlatmağı lazım bilirik ki, akademik Ramiz Mehdiyevin doktorluq dissertasiyasının müdafiəsində iştirak etmiş alimlərin bir çoxu hələ də həyatdadır. Onlar həmin dövrdə Ali Attestasiya Komissiyasının rəhbəri, mərhum akademik Azad Mirzəcanzadənin dissertasiya haqqında söylədiyi yüksək rəyi təsdiq edə bilərlər.
1994-cü ilin 4 fevral tarixində isə Ramiz Mehdiyev Ümummilli lider Heydər Əliyev tərəfindən Prezidentin İcra Aparatının Ümumi şöbəsinin müdiri təyin edilmişdir. Bu faktı təsdiq edən sənədlər də öz növbəsində müvafiq qurumların arxivlərində saxlanılmaqdadır. Azərbaycan Respublikasının istənilən vətəndaşı rahatlıqla həmin sənədlərlə tanış ola bilər. Ölkə başçısının imzaladığı hər hansı siyasi sənədin, xüsusilə də yüksək dövlət vəzifələrinə təyinatla bağlı sərəncamların mətninin, yaxud tarixinin saxtalaşdırılmasına dair iddialar olduqca qeyri-ciddi səslənir. Belə iddiaların elmlər doktoru tərəfindən ifadə edilməsi isə təəssüf doğurur.
Həmçinin əməkdaşımızın diqqətinə çatdırırıq ki, əsası olmayan və yoxlanılmamış məlumatların mətbuata açıqlanması şəxsin şərəf və ləyaqətini aşağıladığı üçün hüquqi məsuliyyət yaradır.
İlham  Məmmədzadə, AMEA Fəlsəfə İnstitutunun direktoru”.
Qeyd edək ki, AMEA-nın ən ciddi akademiklərindən biri kimi tanınan Əbülhəsən Abbasov öz iddialarını Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidinin AMEA-nın rəsmi saytında dərc olunmuş “Azərbaycan Milli Elmlər Akademiyası, rəhbəri və əməkdaşları haqqında” sərlövhəli məqaləsində irəli sürdüyü fikirlərlə əsaslandırmışdı. Həmin məqalədə Solmaz xanım Heydər Əliyevin hakimiyyətə gəlməmişdən əvvəl Ramiz Mehdiyevin doktorluq işini müdafiə etməyə başladığını və ilk öncə hər kəsin ona “qərəzli” yanaşdığını, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Ramiz Mehdiyevin PA-ya işə düzəlməsiylə AMEA-da ona münasibətin büs-bütün dəyişdiyini və bu mövqe dəyişikliyinin xüsusilə doktorluq müdafiəsi zamanı özünü büruzə verdiyini bildirərək yazır: “Artıq Heydər Əliyev ölkə rəhbərliyinə gələndə, Ramiz müəllim də Prezident Aparatına işə qayıdanda bu adamların onun qarşısında özlərini necə fərqli apardığını, doktorluq dissertasiyasının müdafiəsi zamanı isə şəninə nələr söylədiyini görmək lazım idi”.
Göründüyü kimi, Solmaz Rüstəmova-Tohidinin bu sözləri həqiqətən də Ramiz Mehdiyevin doktorluq işini PA-ya şöbə müdiri təyin olunduqdan sonra müdafiə etdiyini təsdiqləyir. O dövrləri yaxşı xatırlayan bir sıra alim və ictimai xadimlər də Ramiz Mehdiyevin 1993-cü ildə PA-ya işə qəbul olunduğunu bildirirlər. İddiaçıların fikrincə, Heydər Əliyevə münasibəti heç də yaxşı olmayan, hətta onun qarasınca müxtəlif yerlərdə ən ağır sözlər işlətməkdən belə çəkinməyən Ramiz Mehdiyev birbaşa Moskvanın tələbiylə bu vəzifəyə təyin edilib. Hətta onun bu təyinatının 4 iyun qiyamının əsas şərtlərindən biri olduğu barədə də mülahizələr var. Bu mülahizələrə görə, Azərbaycanın çətin günlərində bu tələblə razılaşmalı olan Heydər Əliyev onu öz yanına işə götürmək  məcburiyyətində qalıb.
Əldə etdiyimiz məlumata görə, Azərbaycan elminin yaşayan dahilərindən sayılan professor Əbülhəsən Abbasovun Ovqat.com-dan sonra “Hürriyyət” TV-yə verdiyi geniş video-müsahibəsi AMEA-da ikinci soyuq duş effekti yaradıb. Akademiya rəhbərliyi professorun bu ifşasından sonra onunla yolları ayırmağa qərar verib. Çünki Əbülhəsən müəllim video-müsahibəsində Ramiz Mehdiyev barəsində daha ciddi ittihamlarla çıxış etmiş, onun adına yazılan kitabların müəllifliyini belə şübhə altına almış və akademiyanı özünün “tərənnümxana”sına çevirdiyini bildirmişdi.
Professorun ən ciddi ittihamı isə Ramiz Mehdiyevin Azərbaycan elmini məhv etməsi və verdiyi açıqlamaları ilə bu “xidməti” barədə xarici dövlətlərə mesaj  göndərdiyi ilə əlaqədardır. Tam açıq deməsə də, professorun sözlərindən elə çıxır ki, xarici güc mərkəzlərindən müvafiq təlimatlar alan “Boz kardinal” bu mesajları ilə xarici güc mərkəzlərinə öz “xidmətlərini” xatırladaraq onlardan imdad istəmişdir. Əbülhəsən Abbasovun dilə gətirdiyi bəzi faktlar Ramiz Mehdiyev barədə söylənən “5-ci kolonun rəhbəri” iddialarını təsdiqləyəcək mahiyyətdədir və bunun bir adı var – xarici dövlətlərin nəfinə öz ölkəsinin strateji dayaqlarını darmadağın etmək.
Bu əməlin hüquqi qiymətini verməyi hüquq-məhkəmə sisteminin öhdəsinə buraxırırıq. Bizi indiki halda düşündürən isə Əbülhəsən Abbasovla bağlı AMEA-nın verəcəyi qərardır. Zira Ramiz Mehdiyev akademiyaya prezident təyin olunandan üzünə ağ olan hər kəsi işdən çıxarmaqla cəzalandırır. Bunun ən bariz nümunəsi vitse-spiker Adil Əliyevə salam verdiyi üçün AMEA Mərkəzi Elmi Kitabxanasının direktor müavini Elnur Eltürkü işdən çıxarmasıdır.
Əbülhəsən Abbasovun açıqladığı şok məlumatlarla bağlı AMEA-nın digər vicdanlı alimlərinin və ictimai xadimlərinin mövqeyini öyrənməyə çalışacağıq. AMEA rəsmilərinin ittihamlara cavablarını da işıqlandırmağa hazırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir