Ehtiyatda olanların təlim toplanışı ruh yüksəkliyilə qarşılanıb

 


“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar. Bununla əlaqədar, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması həyat keçirilir. Təlimlərin keçirilməsində əsas məqsəd ehtiyatda olan hərbçilərin müasir silah-sursatla tanış olması, peşə hazırlıqlarının hər zaman yüksək səviyyədə saxlanılmasıdır.
Sözügedən təlim-toplanışlara ictimaiyyət, o cümlədən, ziyallar, media cameəsi və ictimai fəallar tərəfindən ciddi maraq göstərilir. “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid bu günlərdə keçirilən təlim toplanışını bütövlükdə cəmiyyətin böyük maraq və ruh yüksəkliyilə qarşıladığını və bunun diqqətəlayiq hal olduğunu bildirib. R.Məcidin fikrincə, bu kimi tədbirlər ordumuzun ehtiyatdakı qüvvələr hesabına daha da gücləndirilməsinə, zəruri məqamda Azərbaycan xalqının Silahlı Qüvvələrimizlə vəhdət halında çıxış edə bilməsinə əlavə imkanlar yaradır: “Torpaqlarının bir qismi işğal altında olan, hələ də təcavüzkar erməni silahlı dəstələrinin gündəlik təxribatlarına məruz qalan ölkəmiz üçün bu cür toplanış və təlimlərin xeyli vacib olduğunu düşünürəm. Prosesi izlədikcə əyani şahid oluruq ki, ordumuz son dərəcə güclü və intizamlı, yüksək döyüş hazırlığına malik hərbi qüvvəyə çevrilib. Bu yöndə dövlət və ordu rəhbərliyinin xüsusi rolu olduğu kimi, toplanış və təlimlərin təşkili üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də birbaşa qaydada mühüm işlər görür. Belə geniş miqyasda toplanış və təlimlərin nizamlı, effektiv qaydada həyata keçirilməsi Səfərbərlik Xidmətinin öz işlərinin öhdəsindən yüksək bacarıqla gəldiyini göstərir”.
Siyasi ekspert Elçin Mirzəbəylinin fikrincə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması müharibə şəraitində olan Azərbaycan üçün tamamilə aktual məsələdir: “Ehtiyatda olan hərbi vəzifəlilərin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün hərbi təlim toplanışına çağırılmasını olduqca müsbət qiymətləndirirəm. Bu hadisələrə normal baxmalıyıq. Müharibə şəraitində yaşayan bir ölkə üçün bu cür təlimlərin keçirilməsi qeyri-adi hal kimi qarşılanmamalı, ajiotaja səbəb olmamalıdır. Görürük ki, təcavüzkar Ermənistan arxasındakı bəzi güclərin dəstəyi ilə müntəzəm olaraq cəbhə və sərhəd xəttində təxribatlarını davam etdirir. Hazırda xalqımızda, Azərbaycan ictimaiyyətində düşmənə qarşı yüksək mübarizə ruhu, qələbə əzmi var. Ona görə də yüzlərlə, minlərlə insanımız səfərbərliyə hazır olduğunu,  işğalçıya qarşı fəal mübarizə üçün əmr gözlədiyini inamla dilə gətirir. Bu niyyətlə müvafiq dövlət qurumuna, konkret desək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edirlər. Sözgedən Xidmətin də bununla bağlı üzərinə düşən vəzifələri uğurla yerinə yetirdiyinin şahidiyik. Bu günlərdə keçirilən toplanışların  intizamla və səmərəli təşkili hər birimizi sevindirir, qələbəyə inam hissimizi daha da gücləndirir”
“Şərq” qəzetinin baş redaktoru Akiş Aşırlı da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılmasını yüksək qiymətləndirib: “Təlimlərə ehtiyatda olan hərbi vəzifəlilərin də cəlb olunmasının əsas məqsədi onların döyüş hazırlığının səviyyəsini müəyyən etməkdir. Buna böyük önəm verilməlidir. Çünki ehtiyatda olanlar ordunun bir hissəsi kimi qəbul edilir. Ehtiyatda olan hərbi vəzifəlilər bu təlimlərdə iştirak etməklə əvvəllər qazandıqları döyüş vərdişlərini, hərbi ixtisaslarına aid biliklərini, təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzda olan müasir silahlar, hərbi texnika nümunələri ilə yaxından tanış olmaq, onların istismar qaydalarını öyrənmək imkanı əldə edirlər. Çox müsbət haldır ki, Səfərbərlik Xidməti dövlət rəhbərliyinin bu istiqamətdə qarşıya qoyduğu vəzifələri layiqincə həyata keçirir. Haqqında danışdığımız toplanış və digər belə tədbirlər də bunun əyani nümunəsidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir