QHT Şurası haqqında böhtan yayan saytlar məhkəməyə veriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası fəaliyyətində hər zaman şəffaflıq, aşkarlıq və hesabatlılıq prinsipini əsas götürüb. Şura daim media ilə əlaqələrə və sıx əməkdaşlığa xüsusi üstünlük verib, fəaliyyətinin bütün istiqamətlərinin müntəzəm olaraq mediada işıqlandırılmasına çalışıb.
Təəssüflər olsun ki, “media qurumu” olduğunu iddia edən bəzi saytlar ifadə azadlığı hüququndan, azad söz, azad fikir anlayışlarından tamamilə yanlış formada – şantaj, reketlik yolu və digər qanunsuz vasitələrlə gəlir əldə etmək üçün yararlanmağa cəhd edirlər. Fəaliyyətləri mətbuatın həqiqi mahiyyətinə aidiyyəti olmayan, medianın üz qarası sayılan belə saytlar çirkin niyyətləri reallaşmadığından müxtəlif dövrlərdə Şuranın fəaliyyətinə kölgə salmağa, işgüzar nüfuzunu ləkələməyə çalışan yalan, şantaj və böhtan xarakterli yazılar yayımlayıblar. Bunlardan bəziləri Şuranın əks-arqumentləri ilə razılaşıb yayımladığı yazıların tamamilə saxta, qurama, yalan olduğunu qəbul edərək üzrxahlıq edib. Həmçinin Şuranın bu məsələ ilə bağlı Mətbuat Şurasına müraciətindən nəticə çıxaran elektron media qurumları da olub. Məlumat üçün bildirirəm ki, 2016-cı ildə Şura haqqında şər-böhtan yazan, nüfuzuna bilərəkdən xələl gətirməyə çalışan və qarşılığında utanıb-çəkinmədən maddi maraq güdən “media” qurumları ilə bağlı Baş Prokurorluğa müraciət də edilib.
Təəssüf ki, hər zaman şəffaf, hesabatlı fəaliyyəti, mediaya açıq olması ilə tanınan Şuraya və onun rəhbərliyinə qarşı bütün əndazəni aşan şantaj xarakterli hücumlar son dövrlərdə yenidən kampaniya xarakteri almağa başlayıb. Şura COVID-19 pandemiyası ilə əlaqədar bütün gücünü Azərbaycan vətəndaşlarına xidmətə, QHT-lərə daha çox dəstək verilməsinə, yerli və beynəlxalq miqyasda milli maraqlarımızın qorunmasına, eyni zamanda QHT-hökumət əməkdaşlığının yeni keyfiyyət mərhələsinə yüksəlməsinə yönəltdiyi bir vaxtda qeyd olunan böhtan xarakterli yazılara diqqət yetirməməyə çalışırdı. Şura dövlətin vətəndaşlara, mətbuata verdiyi azad sözü ifadə etmək hüququnu və xüsusilə medianı (baxmayaraq ki, sözün həqiqi mənasında onları media orqanı və ya jurnalist saymaq mümkün deyil) məhkəməyə verməmək haqda tövsiyələrini əsas götürərək ona qarşı çirkin kampaniya aparanların “fəaliyyəti” ilə bağlı heç bir addım atmırdı. Lakin mənəviyyata, əxlaqa sığmayan, iyrənc böhtan nağıllarının uydurulması və tirajlanmasının davam etməsinə hər zaman susmaq mümkün deyil.
Son 3 ayda bir sıra saytlarda Şura haqqında hüquqa və jurnalistikanın peşəkar prinsiplərinə uyğun olmayan, vətəndaş cəmiyyətinin inkişafı sahəsində ölkədə davamlı olaraq həyata keçirilən dövlət siyasətini qərəzli şəkildə gözdən salmağa yönələn cəfəng yazılar (hərçənd buna yazı deməyə də insanın dili gəlmir) yayımlanır, Şura və onun rəhbərliyi haqqında çirkin şər, böhtan kampaniyası aparılır. Bu cür böhtan sicillləmələrinə görə həmin “jurnalistlərə” etirazımızı bildirməyimizə, bütün sualları cavablandırmağa hazır olmağımıza baxmayaraq onların etinasız davranışları və qanunsuz əməllərini davam etdirmələri bir daha belələrinin əsl məqsədinin qarayaxma, böhtan və şantaj olduğunu göstərir.
Biz bir daha Şura və onun rəhbərliyinin fəaliyyətinə ləkə yaxmağa çalışan, böhtan və iftira xarakterli yazılar yayımlayan saytları tutduqları yanlış yoldan çəkinməyə çağırırıq. Əks halda haqqımızda dərc olunmuş böhtan və şantaj xarakterli yazıların yayımlanmasının, işgüzar nüfuzumuzu zədələmək cəhdlərinin qarşısının alınması məqsədi ilə media adına ləkə gətirən belə saytlar barədə aidiyyatı qurumlara və məhkəməyə müraciət ediləcək. Hesab edirik ki, ictimai qınağı nəzərə almayan bu tip “media” nümunələrinin qanunazidd əməllərinə hüquqi qiymət verilməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir