Emin Hacıyev: “Azərbaycan-Türkiyə dostluğu sarsılmazdır”

“Bu, danılmaz bir həqiqətdir ki, artıq Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı bütün dünya üçün ən gözəl nümunəyə çevrilib. Biz bu qardaşlığı Tovuz hadisələrindən sonra da eyni şəkildə hiss elədik”. 

Bu fikirləri millət vəkili Emin Hacıyev bildirib.
Onun sözlərinə görə, bu hadisələr bir daha sübut etdi ki, Türkiyə həmişə Azərbaycanın yanındadır və yanında olacaq:
“İstər ölkə daxilində, istərsə də beynəlxalq tribunalarda həm Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki ölkənin qardaşlığını, sarsılmaz dostluğunu tərəddüdsüz nümayiş etdirir.
Çox mühüm məqamlardan biri odur ki, bizi bağlayan tarixi köklər əsasında qurulmuş yeni münasibətlər bölgədə çox mühüm rol oynayır. Bölgənin inkişafı və sabitliyi, Qafqazın inkişafı üçün Türkiyə-Azərbaycan münasibətləri əvəzsizdir”.
Deputat qeyd edib ki, iki ölkənin iqtisadi əlaqələri təkcə ölkələrimiz və bütün bölgə üçün deyil, bütövlükdə Avropa üçün ciddi əhəmiyyət daşıyır.
“Sevindirici haldır ki, qardaş və dost ölkələrimizin və xalqlarımızın qarşılıqlı münasibətləri ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarına uyğun olaraq bütün sahələrdə müvəffəqiyyətlə inkişaf edir.
Azərbaycan həmişə Türkiyənin və Türkiyə isə Azərbaycanın yanında olacaq, iki qardaş ölkə bütün məsələlərdə bir-birinin mövqeyini dəstəkləməyə davam edəcək”, – deyə E.Hacıyev bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir