Gəncə terroru ilə bağlı Irəvan Türk Cümhuriyyətinin Millət Şurasının bəyanatı…

17 0ktyabr 2020- ci il gecə saat 01 radələrində, insanların evlərində yatdığı və tam müdafiəsiz halda olduğu anlarda Ermənistan terror dövləti tərəfindən Azərbaycan Respublikasının Gəncə şəhərinin mərkəzinə, həm də yaşayış massivinə növbəti dəfə xüsusilə böyük dağıdıcılıq gücünə malik ballistik raket zərbəsi endirilmişdir.
Bu hərbi cinayət əməli şərəfsiz erməni terrorunun növbəti dəfə xislətini nümayiş etdirmişdir. Zərbə nəticəsində dinc əhalidən çoxsaylı ölən və yaralananlar var.  Iyirmidən artıq ev dağılıb, dağıntılar altından bir neçə ailəni xilas etmə üçün çalışılır. Bu həyasız cinayət əməli əslində bütövlükdə bəşəriyyətə qarşı cinayətdir, Azərbaycan xalqına qarşı soyqırım aktıdır.
Irəvan Türk Cümhuriyyəti Millət Şurası olaraq Ermənistanın bu şərəfsiz əməlini şiddətlə lənətləyirik. Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyevə, bötövlükdə Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk. Tam əminliklə bildiririk ki, dünyanın harasında yaşamağımızdan, hansı dövlətin vətəndaşı olmağımızdan asılı olmayaraq, canımız və qanımızla Azərbaycan dövlətinin və ordusunun yanındayıq, vətəndaş və tərəfdarlarımızla birlikdə könüllü olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əmrinə girməyə hazır olduğumuzu bəyan edirik.
Eyni zamanda bütün dünya dövlətlərinin rəhbər qurum və liderlərini, beynəlxalq təşkilatları, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasını, Avropa Birliyi və Avropa Şurası və başqa dünya qurumlarını sözü gedən cinayətə səssiz qalmamağa, qırılan insanların və zərbə alan millətin İslam dininə sahib olmasına fərq qoymadan bu şərəfsiz cinayətə qarşı səsini çıxartmağa və cinayətkarın cəzalandırılması üçün real addımlar atmağa çağırırıq!
Unutmayın:  Belə cinayətlərdən heç bir cəmiyyət sığortalanmayıb. Sizin də dövlət və xalqlarınızın başına raketlər yağa bilər. İnsanlıq dramına göz yummaq cinayəti cəzasız qoyar, cinayət isə ayaq açıb hər birinizin evinizə daxil ola  bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir