“Dağlıq Qarabağ üçün İrəvana və ya Xankəndinə pul köçürmək elə Azərbaycan sərhədini pozmaq deməkdir…”

Rəsmi xəbərlərdən məlum olur ki, bu gün “Avropa İttifaqı Dağlıq Qarabağa 3 milyon avro yardım edib”.
Bir neçə gün əvvəl isə ABŞ 5 milyon dollar məbləğində Dağlıq Qarabağa yardım ayırdığını bildirmişdi. İlk ağıla gələn sual budur: bu pul hara köçürülür? Yəqin ki, İrəvana. Dağlıq Qarabağ üçün İrəvana və ya Xankəndinə pul köçürmək elə Azərbaycan sərhədini pozmaq deməkdir. Müharibədən əvvəl Dağlıq Qarabağa gələnləri Azərbaycan qara siyahıya salırdı. Bu pul yardımlarını edən banklar necə olacaq?.
Belə pul köçürmələri çoxalacaq. Hələ diaspor təşkilatları da fəaliyyətə başlayacaq. Sabah Xocalıya köçəndə yəqin bizə də yardım edənlər tapılacaq. Ona görə də dekabrın 1-dən Xocalıya, Şuşanın 35 kəndinə, Ağdərənin 14 kəndinə, Kərkicahana, Kosalıya və əvvəllər yaşadığımız başqa kəndlərə təcili köçürmə işləri başlamalıdır. Ermənilər geri dönür, özü də yalnız Xankəndi erməniləri deyil, Hadrutda və Şuşada yaşamış ermənilər də dönür, baxmayaraq bilir ki, o yerlər Azərbaycanın nəzarətindədir.
Dağlıq Qarabağın azərbaycanlı icmasının əsil fəaliyyətə başlaması zamanıdır. İcma rəhbərliyi təcili bəyanat verməli, dekabrın 1-dən məcburən tərk etdikləri yerlərə qayıdacaqlarını elan etməlidir. İcmanın fəaliyyətini köçmə başa çatandan sonra dayandırmaq olar, çünki biz torpağın sahibləriyik, kənar dövlətdə deyilik ki, “icma” statusunu daşıyaq.
 Azərbaycan həmin yerləri yaşayış üçün yararlı hala salmaq məqsədilə dekabrın 1-dən sonra təmir-tikinti idarələrini, mühəndis-fəhlə heyətini Dağlıq Qarabağa göndərməlidir. ATƏT-in Minsk Qrupunun fəaliyyəti bərpa olacaqsa, onlar qarşısında məcburi köçkünlərin bu gün nəzarət edə bilmədiyimiz yerlərə qayıtmasının tam təşkil edilməsini qaldırmaq lazımdır. Minsk Qrupu fəaliyyət göstərməsə, imzalanmış bəyanata əsasən tezliklə qaçqınların geri dönməsini Rusiya qarşısında qaldırmaq lazımdır.
İndiki situasiyada erməni icmasının böyük əksəriyyəti əmlaklarına sahib olduqdan sonra onu satmaq haqqında daha çox fikirləşirlər. Rusiyanın burada fənd işlətməsinə, yəni Rusiya vətəndaşı olan ermənilərə əmlakların satılmasını təşkil etməsinə imkan vermək olmaz. Belə olarsa, sabah Rusiya öz vətəndaşlarının təhlükəsizliyini bəhanə gətirəcək. Ümumiyyətlə, Rusiya məhdud sülhməramlı mandatından kənara çıxıb idarəetməyə qarışmamalıdır. Bizim əhali  o yerlərə tez köçürülməlidir ki, perspektiv alqı-satqı bizimlə aparılsın. Bu vacib məqamdır, prosesin sülh yolu ilə həlinin asan variantlarından biridir. Əhalinin say tərkibi status müzakirələrində önəmli rol oynayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir