“Bəsdir Bakıya yük olduq…”

Günel Musa: “İnsanın doğulduğu torpaqla arasında mütləq bir könül bağı olmalıdır”

“Ürəyimiz 28 ildir o torpaqlar üçün yanıb, kül olub”
28 ildir ki, gözləri yol çəkir. Ağdamda doğulub, oradan çıxanda 5 yaşı  olsa da orada yaşadıqlarını bu günkü kimi xatırlayır. Müsahibimiz həmkarımız Günel Musadır.  Ağdamın işağaldan azad olunduğu gündə ən böyük söz haqqı isə ona düşür.
Atası Ağdamın müdafiəsində 4 ilə yaxın döyüşərək qazi olub. Deyir ki, ən ümdə arzusu atasının məzarını Ağdama köçürməkdir.
– Ağdamı necə xatırlayırsınız?
– Mən Ağdamdan çıxanda cəmi 5 yaşım vardı. 5 yaşlı uşağın xatirələrindəki qədər xatırlayıram. Göz yaddaşımda Ağdamdakı evimiz, yaşıl rəngli darvazamız, İmarət və atamın göyərçinləri daha diri qalıb. Mən Ağdamı daha çox atamın, anamın, nənəmin, babamın xatirələrində gəzmişəm. Vətən, torpaq sevgisi mənə onlardan qalan ən dəyərli mirasdır. 28 il bundan əvvəl 5 yaşlı balaca qız olaraq çıxıdğım torpaqlara 5 yaşında qız övladı olan 33 yaşlı qadın kimi qayıdıram.
– Ağdamı doğru-düzgün xatırlaya bilməyən bir insanın bu qədər o torpağa bağlı olmasının sirri nədir?
– Bu sirr deyil əslində. İçimdəki vətən sevgisinin izahını verə bilməyəcəm. Amma bircə onu bilirəm ki, 28 il boyunca evimizdə, yaxın çevrəmdə ancaq Ağdma adı zikr olunub. Xudu Məmmədovun bir sözü vardı. O deyirdi ki, “Uşaqlarınıza vətəni sevməyi öyrətmək lazım deyil. Siz onlara vətəni tanıdın, onlar özləri sevəcək”. Mənə evdə vətəni tanıtdılar. Mən vətəni əvvəlcə tanıdım, sonra sevdim. Hər zaman bu fikirdəyəm ki, insanın doğulduğu torpaqla arasında mütləq bir könül bağı olmalıdır. Həm də heç bir zaman qopmayacaq güclü bir bağ.
– 28 ildir burdasınız, özünüzə bir düzən, bir həyat qurmusunuz. Bundan sonra Ağdama gedib, orda yaşamağı düşünürsünüzmü?
– Əlbəttə. Bundan böyük arzumu var? Mən indidən qapının ağzındayam. O torpaqlarda yaşamaq, kök salmaq lazımdır. Mən Bakıda böyüdüm. Amma necə böyüdüm onu bir allah, bir də özüm bilirəm. Bu gün sosial şəbəkələrdə məcburi köçkünlərin o torpaqlara qayıtmayacaqları ilə bağlı fikirlər səsləndirilir. Bu mövzuda düşüncəsizcəsinə şərhlər verənlər də var. Ancaq mən bir neçə yataqxanada, müəssiəsələrdə məskunlaşan məcburi köçkünlərlə həmsöhbət oldum. İnsanlar öz torpaqlarına qayıtmaq üçün ağlayırlar. Bu göz yaşları saxta ola bilməz. Deyirlər ki, ürək yanmasa gözdən yaş çıxmaz. Bizim ürəyimiz 28 ildir o torpaqlar üçün yanıb kül olub. İndi kim istəməz o torpaqlara qayıdıb yaşamaq. Məncə bəsdi Bakıya yük olduq(gülür).
– Adətən yaşlı nəslin nümayəndələri doğulduğu torpaqlara qayıtmağı, orda yaşlanıb dünyasını dəyişməyi arzulayır. Gənc nəsil paytaxta daha çox can atır. Siz necə?
– Qarabağdan olan yaşlı nəsil demək olar ki, qalmayıb. Nənələr babalar dünyadan Qarabağ nisgili ilə köçüb. Anam Təsəvvür edirsiniz Ağdamdan çıxanda məndən kiçik olub? Gənc nəsil o torpaqlara qayıtmağa daha maraqlı olmalıdır. Çünki gənclik enerji, yeni düşüncə deməkdir. Biz o torpaqlara qurub-yaratmalıyıq. Ağdam bilirsiniz ki, Şuşadan sonra ikinci simvolik mənası olan şəhərdir. Ermənilərin ağdamlılara olan hiddətini, nifrətini orda törətdikləri dağıntılarının miqyasından hiss etmək çətin deyil. Bir dəfə məclislərin birində Ramiz Rövşən dedi ki, ermənilər Qarabağın  digər rayonlarını işğal ediblər, amma Ağdamdan qisas alıblar. Biz gənc nəslə isə daha çox iş düşür. Tikmək qurmaq yaratmaq. Mən Azərbaycan vətəndaşıyam deyə bilmək üçün doğulduğun torpağa cani dildən bağlanmaq, dörd əlli yapışmaq lazımdır. Şəhidlərimizin qanı ilə sulanıb vətən etdikləri o torpaqlara sahib çıxmaq ürəkdən sevmək şərtdir. Torpaq tək topla-tüfənglə, qan tökülüərək alındığı zaman Vətən olmur. Torpaq ürəyinizdə yoğrula-yoğrula sevdalısı olduğunuz zaman, tər töküb, əmək sərf etdiyiniz zaman Vətən olur. Kim bunu idrak etmirsə bir əksiyi var deməkdir.
– Sizə bəzən “mədəniyyət yazarlarının xalq artisti” deyirlər. Səsinizin yaxşı olmasının doğulduğunuz torpaqla bir əlaqəsi varmı?
– Ağdam bilirsiniz ki, Azərbaycanın mədəniyyət, incəsənət beşiyidir. Ağdamda elə bi yev yox idi ki, ordan musiqi səsi eşidilməsin. Hər evdə mütləq bir istedadlı uşaq olurdu. Mən gözümü açandan musiqinin içində olmuşam. Anam qarmon müəlliməsi olub. Bacım bilirsiniz ki, xanəndədir. Səs bizdə genetikdir. Təbii ki, burda Ağdam faktoru da var. Biz tərəflərdə səsi olmayan adamlara Söylü demiş belə bir təhər baxırlar(gülür).
– Hər bir qarabağlının öz yurduna qayıtması ilə bağlı bir əhdi var. Siz nə əhd etmişdiniz?
– Əhdimi bu günlərdə Feysbukda yazmışdım. Üçüncü övlad dünyaya gətirəcəm demişdim. Bu çox adama zarafat kimi gəldi, bəlkə də çoxuna bayağı göründü. Amma burda bir əhəmiyyətli mesaj var. 28 ildir o torpaqlarda azərbaycanlı dünyaya gəlmir. 28 ildir anası, atası qarabağlı olan uşaqların doğum haqqında şəhadətnaməsində Bakı, Gəncə, Şəki və s. bölgələrin adları yazılır. Biz bu gün o torpaqlarda yeni nəsil qarabağlılar dünyaya gətirməliyik. Mənim Ağdamla bağlı o qədər çox əhdim, arzularım var ki… Qorxuram yaşamağa ömrüm çatmaz. Atamın məzarını Ağdama köçürtmək istəyirəm. Atam Ağdamın müdafiəsində 4 ilə yaxın döyüşdü, qazi oldu. Öz doğulduğu torpaqda yatmaq onun haqqıdır.
– Ən çox nə haqqında düşünürsünüz?
– İmarətin həyətindəki qoz ağacları haqqında. Mən uzun illər yuxularımda o qoz ağaclarını insan kimi görürdüm. Hər zaman məni düşündürürdü o ağaclar. Görəsən o ağaclara nə etdilər?  Bilirdim ki, erməni orda ağac qoymaz. Bəlkə də qəribə gələcək sizə. Mən taxtadan olan hər əşyaya İmarətin həyətindəki qoz ağacı kimi baxırdım. Xüsusilə də xarici ölkələrə məxsus əşyalara. Xəyalımda o ağacların ermənilər tərəfindən kəsilib sonra xammal kimi xarici ölkələrə satdığını canlandırırdım. Bəlkə də oturduğumuz stul, yatdığımız çarpayılar elə o qoz ağaclardı. Nə bilim mənim üçün o qoz ağaclarının taleyi insane həyatı qədər əhəmiyyətli idi. Çünki ağaclar da insanlar kimidir.
– Ağdamdan çıxanda beş yaşınız vardı. Hər dəfə yazılarınızda da köçkünlük həyatının ağrı-acısından yazırsınız. Bu gün Ağdam artıq bizdədi. Hansı hissləri keçirirsiniz?
– Bircə onu deyə bilərəm ki, 33 illik həyatımda bundan xoşbəxt bir anım olmayıb. Bunu tam səmimiyyətimlə söylədiyimdən əmin ola bilərsiniz. Nə qədər xoş günlər yaşasam da burda həmişə özümü yarımçıq hesab edirdim. Tam deyildim. Bu gün tam olmağın xoşbəxtliyini yaşayıram.  Köçkünülük illəri həyatımızın ən ağrılı illəridir. Mən o illərimi heç vaxt unutmaq istəmirəm. O çətinliklərimizi unutsaq biz yenidən qəflətə düşə bilərik. Necə ki, əsrin əvvəlində başımıza gətirilən oyunları unudub yenidən ermənilərlə yaxınlaşdıq. Onlar da əsrin sonlarında bizə bu vəhşəti yaşatdı. Amma bir çaşqınlıq var. Hələ də inanamama duyğusu var. Baş verənlərə yuxu kimi yanaşıram. Ağdam işğal olunanada biz qaçıqn düşəndə də bu belə idi. Məsələn o illərdə mənə həmişə elə gəlirdi ki, bu yaşadıqlarımız yuxudur. Mən yuxudayam. Gözlərimi bərk-bərk yumub, kipriklərimi möhkəm sıxırdım. Elə bilirdim belə edəndə oyanacam, gözlərimi açıb özümü yaşıl darvazalı həyətimizdə görəcəm. Atam yenə göyərçinləri yemləyəcək. İmarətin həyətində rəngli oturacaqlarda yuxarı-aşağı qaçışıb oynayacağıq. Bu gündə mənə elə gəlir yuxudayam. Bu qələbə yuxu kimi gəlir mənə.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir