“Gözümün qarşısında 14 nəfəri öldürüb traktorla qazıb basdırdılar…”

Xəbər verdiyimiz kimi bir neçə gün sonra Xocalı faciəsinin 29-cu ildönümü qeyd olunacaq.

 

Faciə şahidləri ilə müsahibələri təqdim edir. Bu dəfəki müsahibimiz 12 yaşında ermənilərə əsir düşən Ələkbərov Ramil Bilman oğludur.

 

Xocalı sakini R.Ələkbərov həmin gecə özü yaralanıb, babası isə ermənilər tərəfindən güllələnib:

 

“1980-ci ildə Xocalıda anadan olmuşam. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə biz də ailəmizlə Xocalıdan çıxdıq. İki bacımı isə əvvəlcədən Göyçaya qohumlarımgilə göndərmişdik. Meşə yoluyla 300-400 nəfər adam gedirdi. Qabaqda gedənlər getdi, amma arxada gedənlər meşədə qaldı. Biz elə bildik ki, bu kənd azərbaycanlıların yaşadığı kənddir, amma sən demə erməni kəndi imiş. Bizi orda mühasirəyə aldılar və atəşə tutdular. Həmin vaxt xeyli adam qırıldı. Onda mən də ayağımdan yaralandım”.

 

“Adamları maşınlara doldurub harasa aparırdılar…”

 

“Yaralı vəziyyətdə ermənilərə əsir düşdüm. Atam, anam və babam da əsir düşdü. Orda babamı da güllələdilər və indiyə kimi ondan bir xəbər yoxdur, itkin düşdü. Gözümüzün qabağında 16 nəfəri güllələdilər və daha sonra traktorla yer qazıb basdırdılar. Adamları maşınlara doldurub harasa aparırdılar, amma Allah elə etdi ki, bizi aparmadılar. Ayağımdan yaralı olduğum üçün vəziyyətim yaxşı deyildi, bizimlə birlikdə əsir düşən Məmməd həkim yaramı sarıdı, çox sağ olsun. İki gün erməni əsirliyində olmazın işgəncələrinə məruz qaldıq. Qardaşı-qardaşın gözü qabağında güllələyib basdırırdılar. Ata oğlunun meyitini meşədə qoyub gəldi. 12 yaşımda bu hadisələri görmək mənim üçün dəhşət idi.
O hadisələri indiyə kimi yadımdan çıxara bilmirəm. Kirvəm Həmidi də güllələdilər. Xocalı faciəsi uşaq yaddaşımı məhv edib. İndi ailə qurmuşam, üç övladım var. Ermənilərin etdiyi bu vəhşilik heç vaxt yaddan çıxan deyil”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir