“Türkiyə və Azərbaycan türk dünyasının gələcək taleyini müəyyən edən ilkin ocaqdır”

Zəlimxan Məmmədli: “Orta Asiya türklərinin də gözü Azərbaycan-Türkiyə münasibətlərindədir, çünki…”

 

Azərbaycan və Türkiyə arasında əməkdaşlıq sürətlə genişlənməkdə davam edir. Bugünlərdə iki dövlət arasında sadələşmiş gediş-gəlişi nəzərdə tutan qanunun qüvvəyə minməsi, media sahəsində əməkdaşlıqla bağlı müqavilələrin imzalanması və s. iki dövlət arasında əlaqələrin dinamik şəkildə inkiaşf etdiyini göstərir.

 

Bəs Azərbaycan və Türkiyə arasında genişlənməkdə olan əməkdaşlıq və inteqrasiya ümumtürk əməkdaşlığının formalaşması baxımından nə dərəcədə əhəmiyyətlidir?

 

“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli, Azərbaycan-Türkiyə əməkdaşlığının bütün türk dünyasının maraqları baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd etdi:

 

“Türkiyə və Azərbaycan türk dünyasının gələcək taleyini müəyyən edən ilkin ocaqdır. SSRİ dağılandan sonra ən aktual məsələlərdən biri Türkiyə-Azərbaycan yaxınlaşması, habelə gələcəkdə türk dünyasının bir araya gəlməsi olub. Hələ 1992-ci ildə Azərbaycan tərəfindən  TÜRKSOY-un yaradılması ilə bağlı təkliflərin səsləndirilməsi, bu ideyanın yeni bir şey olmadığını göstərir.

 

Türkiyə ilə Azərbaycanın birliyi, Azərbaycanın gələcəyini müəyyən edir. Türkiyənin Azərbaycanın yanında yer alması zaman-zaman məkirli düşmənlərin ölkkəmizlə bağlı planlarını pozub, onların öz niyyətlərini həyata keçirməsinə imkan verməyib. Bu gün iki dövlət arasında həm hərbi, həm siyasi, həm humanitar, həm də mədəni sahədə bir sıra sazişlər, müqavilələr mövcuddur. Bizə utanc gətirən viza rejiminin aradan qaldırılması, sadələşmiş gediş-gəlişin tətbiqi münasibətlərimizdəki inkişafdan xəbər verir.

 

Orta Asiya türklərinin də gözü Azərbaycan-Türkiyə münasibətlərindədir. Əgər bu münasibətlər dinamik şəkildə inkişaf edərsə, bu, Orta Asiya türkləri üçün də geniş imkanlar açacaq, onları Rusiya təhlükəsindən əsaslı dərəcədə sığortalayacaq. Artıq bəzi türk cümhuriyyətlərinin rəhbərlərinin verdiyi açıqlamalar timsalında bunun sədaları eşidilir. Görünən odur ki, ümumtürk birliyinə meyl var. Bu baxımdan, Azərbaycan və Türkiyə arasında əlaqələrin genişlənməsi, inteqrasiyanın sürətlənməsi olduqca əhəmiyyətlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir