Türkiyəni sözəbaxan ölkəyə çevirmək istəyirlər – PKK-nın qızışdırılmasının pərdəarxası

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçuları gorbagor etməkdədir, Amerikanın kürdlərə silah daşıyan karvanını isə vurmağa hazırlaşır; politoloq: “Bir NATO dövlətinin yüksəlişinə belə qısqanc yanaşma qəbuledilməzdir…”

Türkiyə Silahlı Qüvvələri (TSQ) İraqın şimalında PKK-nın Qara dağındakı düşərgələrinə yönəlik “Pəncə-Qaplan-2″ əməliyyatı keçirməklə təkcə terror təşkilatına yox, onlara havadarlıq edənlərə də cavab vermiş oldu.
“Yeni Müsavat” xəbər verir ki, terrorçular tərəfindən 13 türk vətəndaşı öldürülüb. Əlbəttə, bu, terror təşkilatının ilk xainliyi deyildi. Əvəzində isə 41 döyüş təyyarəsilə birlikdə, kəşfiyyat və yanacaq-təchizat təyyarələrinin, PUA və T-129 ATAK hücum vertolyotlarının, Xüsusi Təyinatlı Qüvvələr Komandanlığı (XTQK) və Jandarma Xüsusi Hərəkat (JXH) birliklərinin də qatıldığı əməliyyat önəmli mesajlar daşıyırdı.
ABŞ-ın Ankaradakı səfirliyi 12 fevralda “Tvitter” vasitəsilə 3 hərbçinin şəhid olması səbəbilə başsağlığı yaymışdı. Mesajda ABŞ-ın müttəfiqinin yanında olduğuna yer verildi və şəhid hərbçilərin ailələrinə başsağlığı verildi.
ABŞ səfirliyinin bu məktubu, sadəcə, arsızlıq və ikiüzlülük kimi qiymətləndirib üstündən keçmək mümkün deyil. Çünki hazırda PKK/YPG-ni, istifadə etdikləri silahlar daxil olmaqla, hər cür təchizatla dəstəkləyən birbaşa ABŞ-ın özüdür. ABŞ və başqa “Qərb müttəfiqləri” PKK/YPG, İŞİD, FETO və digər ekstremist terror təşkilatlarını asimmetrik savaş üsulu ilə Türkiyəyə öz siyasətlərini qəbul etdirmək üçün istifadə edirlər.
Bəs Türkiyəyə qarşı PKK kartı niyə aktuallaşıb? Kənar və böyük güclər bu terror təşkilatını nədən yenidən aktivləşdiriblər? Türkiyədən nə istənilir? Ankaranın nədə güzəştə getməsinə çalışılır? Bu səbəbdən Prezident Ərdoğan yüksək tonla ABŞ-a səslənərək, tərəfini seçməsi üçün açıq çağırış etdi, hətta onu “terror dövləti” adlandırdı.
PKK 40 ildir Türkiyənin ayağına vurulmuş bir buxovdur. Sahibləri bəllidir. Hədəfləri ortadadır. Ən çox da kürdlərə zərər verib. Zəiflədikcə də daha alçaq davranırlar. Türkiyə Baş Qərargahının sabiq kəşfiyyat başçısı, general İsmail Hakkı Pekin deyib ki, ABŞ hərbi silah-sursatı Ərbildəki bazasına gətirir. “Burada onlar şirkətlərə aid yük avtomobillərinə yüklənir. TIR-lar PKK terror təşkilatının nəzarət etdiyi Peşhabur (Semelka) sərhəd qapısından Suriyaya daxil olur. Qamışlıdan Hasekeyə gedən silahlar YPG-yə çatdırılır”, – deyə general bildirib.
Suriyada bəzi hədəflərin vurulduğuna diqqət çəkən general hesab edir ki, Türkiyə də prosesə bu baxımdan yanaşa bilər: “Terrorla mübarizə aparırıq. İsrail İrana, İraqa və Livana hücum edir. Təyyarə qaldırıb İranın hədəflərini, yük daşıyan avtomobillərini, anbarlarını vurur. Türkiyə də bunu edə bilər. Çünki terrorla mübarizə aparırıq. PKK/YPG-nin Türkiyəyə hücumlar etdiyini dünya bilir. İsrail onun üçün təhdidi harada görürsə vurur. Biz də həmin silah daşıyan TIR-ları vurmalıyıq”.
PKK terror qruplaşmasının rəhbərlərindən Murad Qarailan isə deyib ki, Türkiyə ordusu tərəfindən əsir götürülən iki nəfər onları satıb. O, Qara bölgəsində verdikləri ağır itkiləri də etiraf edib: “17 nəfərdən 15-i öldü, 2-si sağdır. Ancaq bəzi qruplarımızla da əlaqə kəsildiyi üçün onların da öldüklərini düşünürük”.
PKK lideri “Pəncə Qartal-2″ antiterror əməliyyatı zamanı məğlubiyyəti gizlətməyə çalışsa da, əməliyyatın ciddi hərbi məqsədləri olduğunu bildirib.
Politoloq Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, ABŞ terrorçu təşkilatlar siyahısında saxladığı PKK və YPG-yə TIR-larla silah daşıyır: “Türkiyə açıqladı ki, İsrail İranın Hizbullaha göndərdiyi silah karvanını vurması kimi biz də Amerikanın PKK-ya göndəriyi silah karvanını vura bilərik. İndi belə fikirlər sızır ki, Bayden kürdlərə müstəqil dövlət qurmağa söz verib. Ümumiyyətlə, Bayden ABŞ-ın Yaxın Şərqə qayıtmaq niyyətini bəyan edib. Əgər bunu terrorçu dəstələri fəallaşdırmaqla yön verəcəksə, qaynar qazana çevrilən bölgəyə mənfi təsir edəcək”.
Q.Hüseynlinin sözlərinə görə, digər tərəfdən bölgədə kürdlərin silahlanmasından nə İraq, nə Suriya razıdır, Türkiyə də belə bir dövlətin yaranmasına imkan verməyəcək: “Baydenin seçkidən əvvəl Türkiyəni hədələməsi, Ərdoğanı devirəcəyi haqda sözləri deyəsən, başqa istiqamətdə, özünü doğrultmayacaq yöndə yol açmağa başlayıb. Bayden bilir ki, Ərdoğan nüfuzlu siyasətçidir. Turan dövlətinin yaradılması, Azərbaycanla, Orta Asiya ölkələri ilə işbirliyinin qurulması, Qazaxıstan ordu quruculuğuna dəvət etməsi Amerikanı narahat edir. Amma Birləşmiş Ştatların bir NATO dövlətinin yüksəlişinə belə qısqanc yanaşması qəbuledilməz görünür. Axı bölgədə terror yeli əsdirənlərə silah göndərməyin nə mənası var?
Üstəlik, Türkiyə bəyan etdi ki, “S 400″ raketləri haqda ABŞ-la danışığa hazırdır. Amma Amerikadan pozitiv reaksiya gəlməyib. Məlum olur ki, Türkiyəni üzüyola ölkəyə çevirmək istəyirlər. Amma onunla istənilən kimi danışmaq olmaz. Bu gün Türkiyə dövləti çox irəli gedib, hərbi potensialı ölçüyəgəlməz dərəcədə artıb. Odur ki, Ankara ona hörmətlə yanaşılmasını tələb edəcək. Ümumilikdə Baydenin tələm-tələsik qərarlarının uzaqgörən olduğunu düşünmürəm və bumeranq effekti verəcəyini güman edirəm. Çünki bu, ölçülüb-biçilib atılan addımlar deyil”.
İstanbulda yaşayan siyasi təhlilçi Ramiyə Məmmədovanın fikrincə, ABŞ və Avropa Birliyi Türkiyəni bu yolla təzim etməyə çağırır. Onun sözlərinə görə, xeyli zamandır silahları susan PKK-nın yenidən fəallaşması “dirijor çubuğu” ilə idarə olunduğunu bir daha sübut edir.
Politoloq Türkiyənin antiterror əməliyyatlarını gücləndirəcəyini proqnozlaşdırır: “Amerika açıq-aşkar kürdlərə silah daşıyır. Bu vəziyyət Suriyanı da qane etmir. Regionu qarışdırmaq və Türkiyəni terrorla təhdid etməklə Bayden administrasiyası Ərdoğanı geri çəkilməyə vadar etmək istəyir. Vaşinqtonun istəyi ona boyun əymək, Türkiyənin Rusiya ilə yaxınlaşmasını pozmaq, onun hərbi-sənaye kompleksinin inkişafını əngəlləmək, Amerikanın sözü ilə oturub-durmağa məcbur etməkdir. Bu yanlış siyasət Ankaranı Moskva ilə daha da sıx tellərlə bağlayacaq, Türkiyənin regionda gücünü, fəallığını artıracaq. ABŞ PKK-nı terrorçu kimi gördüyü halda, YPG-ni elə dəyərləndirmir. Dolayısilə, bir ölkənin başqa bir ölkənin siyasətinə yön vermək istəyini terror vasitəsilə reallaşdırması müasir savaş meydanının yeni bir ssenarisi halına gəlib. Bu kontekstdə Türkiyə var gücü ilə Qaradakı vəhşi terror aktını anlatmağa çalışmalıdır. Onlar anlamaq istəməsə də, bu məqsəddən vaz keçmək Türkiyəni apardığı mübarizədə geri salacaq”.
Ekspert qeyd edir ki, Türk ordusunun Qara əməliyyatı və yaranan böhrandan sonra ABŞ Suriyanın şimal şərqində yeni addım atır. “ABŞ bu dəfə Suriyanın şimal şərqindəki sərhəd xəttində yerləşən bir kənddə YPG terrorçuları ilə birlikdə yeni baza qurmağa hazırlaşır. Türkiyə sərhədində qurulacaq bazanın Ərbildəki hava bazasına tabe olacağı ehtimal olunur. Ayn Divar kəndində inşa olunacaq baza üçün ilkin mərhələdə zirehli nəqliyyat vasitələrinin də olduğu 50 avtomobil gətirildiyini açıqlayıb. ABŞ-ın YPG ilə əməkdaşlıq çərçivəsində quracağı baza Şırnakın Cizre qəsəbəsinin qarşısında yerləşəcək. Təsəvvür edin ki, Suriyanın şərqində yerləşən Ayn Divar kəndi isə Türkiyə sərhədinin 600 metrliyindədir”.
Qeyd edək ki, ABŞ-ın 2015-ci ildən bu yana YPG terrorçuları ilə birlikdə hərəkət etməsi, bu terror şəbəkəsinə minlərlə yük avtomobili silah yardımı etməsi hazırda Vaşinqton-Ankara arasında ən ciddi problemdir. Sonuncu dəfə Pentaqonun sözçüsü Con Kirbi YPG ilə əməkdaşlığı davam etdirəcəklərini elan edib. YPG hazırda Suriya Demokratik Gücləri (SDF) adından istifadə edir. ABŞ isə son 6 ildir ki, Suriyanın şimalında əməliyyatlarda iştirak edən YPG terrorçularına maaş ödəyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir