Bundan sonra Azərbaycan dövləti qalib dövlət kimi inkişaf edəcək


Xalqımız üçün torpaqlarımızın işğaldan azad edilməsi ümummilli məsələdir və heç vaxt biz bu vəziyyətlə barışmadıq və bunu açıq bəyan edirdik. İkinci Qarabağ müharibəsi bir daha Azərbaycan xalqının əzmini, iradəsini bütün dünyaya göstərdi. Bu şanlı Qələbə tarixdə əbədi olaraq qalacaq və Azərbaycan xalqı müzəffər xalq kimi həmişə qürur hissi ilə yaşayacaqdır.

Cənab Prezident Ilham Əliyev Qarabağın strateji vəziyyəti ilə bağlı belə vurğulamışdır: “Hazırda Qarabağ bölgəsində mövcud olan coğrafi vəziyyət, əlbəttə ki, bizim imkanlarımızı qat-qat artırıb. Sadəcə olaraq, xəritəyə baxmaq kifayətdir, hər kəs görsün ki, kimin əlində hansı imkanlar var. Ona görə mən bir daha sözümü demək istəyirəm”.

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində fəal iştirak edir və Avrasiyanın əsas və etibarlı logistika mərkəzlərindən birinə çevrilib. İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısında İlham Əliyev bu məsələyə toxunaraq qeyd etmişdir ki, Azərbaycan öz tərəfdaşları ilə birgə ölkəmizin nəqliyyat infrastrukturunu Lapis Lazuli nəqliyyat dəhlizi ilə birləşdirb və nəqliyyat sahəsində çoxtərəfli əməkdaşlıq üçün geniş imkanlar yaradıb. Bununla yanaşı, Azərbaycan Avrasiyada enerji təhlükəsizliyini təmin edən əsas ölkədir.
Ermənistan üzərində şanlı Qələbədən sonra isə Azərbaycan bölgədə sülh və sabitliyi təmin etmək üçün bir çox ölkələri birləşdirən nəqliyyat layihələrini müzakirə etməyə başlayıb. Azərbaycan, Türkiyə və İran bölgədə nəqliyyat layihələrinin icrası ilə bağlı vahid mövqe sərgiləyir.
Bu bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin qətiyyəti, əzmkarlığı və müdrik sərkərdəliyi ilə ərazi bütövlüyümüzün təmin edilməsi Azərbaycanın beynəlxalq arenadakı nüfuzunu qat-qat yüksəltmişdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasətində yalnız bir əsas amil – Azərbaycan xalqının və dövlətinin milli maraqları dayanır. Vətən müharibəsinin gedişi və yekunları Cənab İlham Əliyevin necə vətənpərvər, qətiyyətli Prezident olduğunu bir daha təsdiqlədi. Dövlət başçısı heç bir beynəlxalq gücə boyun əymədən xarici təzyiqləri dəf edərək xalqımızı milli hədəflərə doğru apardı və tarixi Zəfəri təmin etdi.

Təhminə Kərimova,
Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir