Səttar Möhbalıyev: “Prezident İlham Əliyev Ağdamda tərəqqi və inkişafın təməlini qoydu”

“Xalqımız üçün böyük tarixi əhəmiyyət kəsb edən əlamətdar bir gündə, 28 may tarixində işğaldan azad edilmiş Ağdama səfər edən Ölkə Prezidenti cənab İlham Əliyev bu şəhərdə ayrı-ayrı obyekt və müəssisələrin təməlini qoymaqla, əslində bütün bölgənin inkişafının, tərəqqisinin təməlini qoydu. Dövlətimizin başçısı hər dəfə işğaldan azad olunmuş ərazilərə etdiyi növbəti səfəri zamanı dünyaya yeni bir mesaj ünvanlamış olur. O cümlədən Azərbaycan Prezidentinin Ağdama bu səfərinin də məhz Respublika Günündə baş tutması çox böyük rəmzi mənaya malikdir. Çünki belə bir gündə dövlət başçısının Ağdamda olması Azərbaycanın gücünü, dövlət müstəqilliyimizin gücünü göstərir.” Bu sözləri mətbuata verdiyi açıqlamada Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev deyib.

Millət vəkili qeyd edib ki, Ağdam şəhərində bir neçə vacib əhəmiyyətli obyekt və müəssisələrin təməlini qoymaqla Prezident İlham Əliyev həm də xalqımızın yaradıcı ruhunu bir daha bütün dünyaya nümayiş etdirmiş oldu: “Artıq neçə müddətdir ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərində bərapa-quruculuq işləri aparmaqdadır. Məhz bu baxımdan da Ölkə Prezidentinin Ağdama növbəti səfəri əlamətdar oldu. Belə ki, məhz bu səfər çərçivəsində, may ayının 28-də azad edilmiş torpaqlarda birinci olaraq Ağdam şəhərinin Baş Planı artıq təsdiqləndi. Möhtərəm Prezidentimiz öz çıxışında həmçinin qeyd etdi ki, hazırda Şuşa şəhərinin Baş Planı hazırlanır və artıq bir müddətdən sonra bu plan da təsdiqlənəcək. Həmçinin Füzuli şəhərinin, Cəbrayıl şəhərinin, digər şəhərlərin Baş Planları üzrə iş gedir. Amma birinci Baş Plan məhz Ağdamda təsdiqləndi. Həmçinin bu tarixi səfər çərçivəsində Ağdam şəhəri üçün çox önəmli olan 1 saylı məktəbin təməli qoyuldu. Gələcəkdə yeni iş yerlərinin yaradılması üçün Ağdam Sənaye Parkının təməli qoyuldu. Bərdə-Ağdam avtomobil yolunun təməli qoyuldu və artıq yaxın gələcəkdə yol istismara veriləcək. Eyni zamanda, Ölkə Prezidenti cənab İlham Əliyevin göstərişilə Bərdə-Ağdam dəmir yolunun və dəmir yolu vağzalının tikintisi nəzərdə tutulur. İmarət kompleksinin bərpası ilə əlaqədar artıq işlərə start verilir. Ağdamda İşğal muzeyi və Zəfər muzeyi konsepsiyası dövlət başçısına təqdim edildi. Şəhərin içində 125 hektarlıq böyük bir meşə sahəsinin təməli qoyuldu. Baş Plana görə Ağdamda süni göl yaradılacaq, kanallar, körpülər inşa ediləcək. Ümumiyyətlə bütün Qarabağ zonası “yaşıl enerji” zonası olacaq və eyni zamanda da buradakı bütün şəhərlər “ağıllı şəhər” konsepsiyası əsasında qurulacaq. Bütün bunlar bir daha Azərbaycan xalqının yaradıcı ruhunu və bu torpaqların əsl sahibinin kimliyini bir daha bütün dünyaya nümayiş etdirir. Çünki torpağın yalnız əsli sahibi, burda əbədi yaşayacağını bilən xalq həmin torpaqlarda quruculuq işləri aparır. Əks halda isə, ermənilər kimi işğaıçılar müvəqqəti, gəldi-gedər olduqlarına şübhə etmədikləri üçün 30 il ərzində yalnız talançılıq və vandalizmə imza ata bilirlər.”

Həmçinin Səttar Möhbalıyev Ermənistan tərəfinin bundan sonra da öz təxribatçı əməllərindən əl çəkməyəcəkləri təqdirdə hadisələrin inkişafının onlar üçün daha acınacaqlı nəticələrə səbəb ola biləcəyini xüsusi olaraq vurğulayıb: “Təəssüflər olsun ki, Ermənistan tərəfi bu gün hələ də öz təxribatçı əməllərindən əl çəkmir. Əslində onların bu mövqeyi heç bir məntiqə sığmır və qətiyyən anlaşılan deyil. Azərbaycan artıq öz gücünü, hərbi qüdrətini tam olmasa da, yetərincə nümayiş etdirib. Bu baxımdan Ermənistanın hansısa revanş ala bilmə ehtimalının sıfıra bərabər olduğu bu gün heç kimdə şübhə doğurmur. Bu ölkənin faktiki olaraq ordusu artıq yoxdur. Ermənistanın iqtisadi potensialından ümumiyyətlə danışmağa dəyməz. Ölkəmizə qarşı irəli sürülə biləcək hər hansı ərazi iddiaları yalnız və yalnız Ermənistanın özünü daha çətin vəiyyətə sala bilər. Aradan ötmüş 30 il ərzində bu ölkənin hər bir sahədə yalnız tənəzzülə uğraması danılmaz bir faktdır. Möhərəm Prezidentimizin yürütdüyü praqmatik siyasət və atdığı düşünülmüş addımlar sayəsində Ermənistan Cənubi Qafqazda gedən mütərəqqi proseslərdən, həyata keçirilən irimiqyaslı beynəlxalq layihələrdən kənarda qaldı. Bununla da onsuz da kasıb olan bu ölkə artıq tamamilə dilənçi vəiyyətinə düşdü. Lakin bu gün tarix, daha dəqiq desək Azərbaycan Ermənistana ikinci şans əldə etmək imkanı verir. Bunun üçün Ermənistam hökuməti bütün təxribat xarakterli əməllərindən əl çəkməli, konstruktiv mövqeyə keçməli, ilk növbədə 10 noyabr Bəyannaməsindən irəli gələn öhdəliklərini tam yerinə yetirməli və bununla da Cənubi Qafqazda yaranmış yeni reallıqlar fonunda açılan iqtisadi inkişaf imkanlarında yararlanmağa layiq olduğunu nümayiş etdirməlidir. Əks halda isə, Ermənistanın hazırkı vəziyyətindən daha çətin və acınacaqlı duruma düşməsi qaçınılmaz ola bilər.”

aia.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir