Cənubi Qafqazda sülhün təmin edilməsi bizim maraqlarımıza cavab verir

Azərbaycanın zəfər tarixinə qızıl hərflərlə yazılmış 44 günlük müharibə bir daha göstərdi ki, əsl lider hərtərəfli, bütün sahələrdə xalqın, dövlətin prinsiplərini qorumağı bacarmalıdır və Azərbaycan Prezidenti cənab İlham Əliyev bu baxımdan bir liderə məxsus bütün xüsusiyyətlərə malik uzaqgörən strateqdir. Cənab Prezident 44 günlük müharibə dövründə bütün cəbhələrdə uğurla mübarizə apardı və məhz bu sayədə xalqımız 30 illik düşmən işğalına son qoydu. Ölkə başçısı təkcə müharibə dövründə dünyanın 30-dan artıq aparıcı kütləvi informasiya vasitəsinə müsahibə verərək Azərbaycanın haqq səsini dünyaya çatdırdı. Müharibədən sonrakı dövrdə də beynəlxalq cəmiyyətin Azərbaycanın mövqeyini öyrənməsi baxımından cənab Prezidentin bir çox mühüm müsahibələri və görüşləri olmuşdur ki, bir neçə gün əvvəl dünyaca məshur xəbər kanallarından biri olan CNN Türk telekanalına müsahibə də bunlardan biridir.

Cənab Prezident bütün çıxışlarında olduğu kimi, bu müsahibəsində də dövlətimizin regionda və dünyada yalnız və yalnız sülhü dəstəklədiyini vurğuladı. O, qeyd etdi ki, biz istəyirik Ermənistanla sülh müqaviləsi imzalansın. Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanısınlar və sərhədlərin delimitasiyası prosesi də başlasın. Ancaq bu günə qədər Ermənistandan müsbət cavab almamışıq. Görünür ki, Ermənistan buna hazır deyil, ya da bunun əleyhinədir. Əgər buna etiraz edirlərsə, açıq söyləsinlər ki, onlar Azərbaycanla sülh müqaviləsi imzalamaq istəmirlər. Belə olan halda biz də öz siyasətimizi buna uyğun şəkildə aparacağıq. Əgər Ermənistan buna hazırdırsa, əgər Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü tanımağa hazırdırsa, onda, əlbəttə ki, bölgəyə uzunmüddətli sülh gələcək. Sülhə nail olmaq üçün ölkəmizin konkret təklifləri masa üzərindədir. Yolların açılması, Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, yəni Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi bizim maraqlarımıza cavab verir. Bu cür sülh Ermənistanın da maraqlarına cavab verir. Çünki Zəngəzur dəhlizi onların da maraqlarına xidmət edəcək. Onlar da dəmir yolu ilə həm İranla, həm Rusiya ilə əlaqə yarada bilərlər. Bu günə qədər bu əlaqə yoxdur və onlar üçün də yeni fürsətlər ortaya çıxacaq.
Ölkə başçımız aparılan siyasətin strateji dəqiqlik və hərtərəfli uzaqgörənliyini də qeyd edərək bildirdi ki, bütün bu uğurların arxasında Ulu Öndərin siyasi kursunun davamlılığı dayanmışdır. O, jurnalistin Şuşa ilə bağlı sualına cavab verərkən bu məsələyə xüsusi toxunur: “Atamın vəsiyyəti təkcə Şuşa ilə bağlı deyildi, o vaxt işğal altında olan bütün torpaqlarla bağlı idi. Şuşa alınandan sonra mən atamın qəbrini ziyarət edərək dedim ki, onun vəsiyyətini yerinə yetirdim. Mən həyatımda, bəlkə də, ən xoşbəxt günlərimdən birini yaşadım. Şuşa, əlbəttə ki, hər bir azərbaycanlı üçün doğma, əziz şəhərdir, böyük rəmzi məna daşıyır. Təsadüfi deyil ki, mən Şuşanı Azərbaycanın Mədəniyyət Paytaxtı elan etdim. Ancaq bütün digər şəhərlər də mənim üçün, bütün Azərbaycan xalqı üçün Şuşa qədər əzizdir və doğmadır. Hər qarış torpaq bizim torpaqdır və onları biz azad etməli idik. Bu, xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında bizim borcumuz idi və biz bu borcu şərəflə yerinə yetirdik”.

Cənab Prezident çıxışında regionun gələcəyi ilə bağlı çox mühüm mesajlar da verdi: “Bu məsələdə də Azərbaycanın və Türkiyənin mövqeləri üst-üstə düşür. Biz bu formatı dəstəkləyirik və ümid edirik ki, digər ölkələr də buna qoşulacaqlar. Gürcüstan tərəfi buna hazır deyil. Çünki Gürcüstanla Rusiya arasında diplomatik münasibətlər yoxdur. Bu, Gürcüstanın mövqeyidir, biz bu mövqeyə hörmətlə yanaşmalıyıq. Amma buna baxmayaraq regional iş birliyi, sabitliyin təmin olunması və gələcəkdə müharibə riskinin sıfra endirilməsi üçün bölgə ölkələri arasındakı əlaqələr çox önəmlidir. Burada konkret layihələr də müzakirə oluna bilər. Çünki bu, sadəcə olaraq, siyasi təşəbbüs deyil. Burada, ilk növbədə, Zəngəzur dəhlizinin və digər yolların açılması, – çünki təkcə Zəngəzur dəhlizindən söhbət getmir, – bizim Ermənistanla digər nəqliyyat layihələrimiz ola bilər. Ondan sonra ticarət əlaqələrinin bərpası, Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsi, bütün bunlar çox önəmli məsələlərdir”.

Bütün bunlar bir daha onu deməyə əsas verir ki, biz dövlət olaraq daimi sülhün tərəfdarıyıq. Gündən-günə güclənən Azərbaycan regionda öz liderliyini daim qoruyacaq, çünki onun lideri öz uzaqgörənliyi ilə daim ölkəmizin rifahı və inkişafına töhfələr verməkdə davam edir.

Siranə Zeynalova,
Salyan şəhər 4 saylı tam orta məktəbin müəllimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir