“Azərbaycanın daxili işlərinə qarışmağa imkan vermirik” – Hikmət Hacıyev

"Azərbaycanın daxili işlərinə qarışmağa imkan vermirik”- Hikmət Hacıyev

“Azərbaycan heç bir dövlətin daxili işlərinə qarışmır və özünün də daxili işlərinə qarışmağa heç bir dairəyə imkan vermir”.

Bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin qalibləri ilə görüşündə deyib.

O, rəsmi Bakının xarici siyasəti, turizm, nəqliyyat, ticarət sahəsində yürütdüyü siyasətlə bağlı gənclərin suallarını cavablandırıb.

H.Hacıyev qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası dövlət quruculuğunun bütün istiqamətlərdə, o cümlədən xarici siyasət sahəsində ciddi uğurlara imza atıb: “Azərbaycan Respublikası sözün əsl mənasında müstəqil xarici siyasət yürüdən ölkədir. Bu müstəqil siyasətin əsasını Azərbaycanın milli maraqları və ölkə vətəndaşlarının mənafeyinin qorunması təşkil edir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu strategiya tarixi təcrübəni, geosiyasi reallıqları nəzərə alaraq, çoxistiqamətli və tarazlaşdırılmış əsasda praqmatik və realist prinsiplərlə həyata keçirilir. Gərgin və nizamsız beynəlxalq münasibətlər şəraitində ölkəmiz beynəlxalq hüququn norma və prinsipləri əsasında xarici siyasət yürüdərək, heç bir dövlətin daxili işlərinə qarışmır və özünün də daxili işlərinə qarışmağa heç bir dairəyə imkan vermir”.

Qeyd edək ki, sentyabrın 5-də Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin qalibləri AzərbaycanRespublikası Prezidenti Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin və Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun iştirakı ilə görüş keçirilib.

Bir cavab yazın