“AzTV dən hər zaman barıt qoxusu gəlməlidir, Rövşən Məmmədov bunu bacaracaqmı?”

Müasir dünyamızı informasiya texnologiyalarının ən son nailiyyətləri heyrətləndirməkdə davam edir və çeşidli sosial şəbəkələr bütün mövcud xəbər istehsalçılığı və maarifləndirici funksiya daşıyıcılarını operativlik baxımından geridə qoyub. Amma təbii ki, sosial şəbəkələr və onlayn media ictimai rəy formalaşdırmaq baxımından nə qədər güclü alət olsa da hər birimizin evinin vazkeçilməz atributu hesab olunan televiziyaları əvəz edə bilməz. Gəlin razılaşaq ki, “sehrli qutu” adlandırılan televizorların tamaşaçıya təsir imkanları digər informasiya reurslarından qat-qat üstündür. Eyni zamanda televiziya müasir dünyada hələ də çox böyük silahdır və publikaya təsir etmək üçün bu günədək insanlığın kəşf etdiyi ən unikal vasitələrdən biridir. Heç də təsadüfi deyil ki, vaxtilə Rusiyanın nüfuzlu mediamaqnatı Boris Berezovski televiziyanın gücünü nəzərdə tutaraq deyirdi ki, mən bir telekanal, bir dənə də at verin və mən o atı Rusiya prezidenti edim. Hesab edirəm ki, bu gün də. yaxın 50, bəlkə də 100 ildə televiziyalar bu estafeti heç bir texnoloji kəşfə qurban verəsi deyil.
Televiziya çox böyük silah olduğu kimi onun kimin əlində olması və necə istifadə olunması da olduqca önəmli məsələdir. Yəni bir güclü silah naşının, səriştəsizin əlində fəlakət maşını da ola bilər, bir peşəkarın əlində tərəqiyyə, inkişafa xidmət edən bir vasitə də. Bu baxımdan zaman-zaman Azərbaycan tamaşaçısı üçün əbədiyaşar problem telekanalların bəlli səbəblərdən, yəni cızılmış ideoloji çərçivədən çıxa bilməməsi üzündən gözləntiləri doğrultmaması idisə, digər problem həmin qurumlara rəhbərlik edənlərin özlərinin şəxsi xarakterlərindəki qüsurlar üzündən cəmiyyətin mənəvi aşınmaya uğramasının əsas baiskarı funksiyasını daşımağa başlamışdı. Ad çəkməyə gərək duymuram, dövlət və özəl telekanalların tamaşaçıya verdiyi və aldıqlarını müqayisə etməyə dəyməz və ölkə teleməkanındakı çatızmazlıqlarla bərabər bu sahəyə rəhbərlik edənlərin yarıtmazlığı göz önündədir. Ona görə də tamaşaçı artıq son dövrlər haqlı olaraq telekanallardan imtina etməyə başlamışdı. Amma günlərin bir günü bir cavan oğlan televiziyalar haqqında formalaşmış neqativ ictimai rəyi dağıtmağın mümkünlüyünü əməli surətdə ortaya qoyaraq hamını yaxşı mənada heyrətləndirməyi bacardı. Bu baxımdan köhnə teleməkana yeni nəfəs gətirən Azərbaycan Televiziyasının yeni sədri Rövşən Məmmədovu təbrik etmək lazım.
Amma unutmaq olmaz ki, bu ölkənin dərdləri qayğılarından ağır və məşəqqətlidir. Qarabağ boyda problemi olan, 20 faiz torpağı işğlada qalan, bir milyon didərgini vətən həsrəti ilə qovrulan bir məmləkətdə hansı proqramlara öncüllük verilməsi həyati önəm daşıyır və R. Məmmədovun bu incəlikləri bilməsi lazım. O, unutmamalıdır ki, AzTV-nin missiyası tamam fərqlidir və nankor qonşularımızla informasiya savaşının lokomotivi olmaq onların mənəvi öhdəlikləri siyahısının lap başında gəlməlidir. Bu baxımdan AzTV dən hər zaman barıt qoxusu gəlməlidir və cəmiyyəti hər zaman tətikdə saxlamaq, hamını müqəddəs savaşa kökləyən çeşidli proqramlarla tamaşaçıların “Sarı sim”inə toxunmalıdır. Rövşən Məmmədov bunları bacaracaqmı? Başqalarını bilmirəm, mən ona inanıram və ümid edirəm ki, o çiyninə düşmüş bu ağır olduğu qədər də şərəfli vəzifənin öhdəsindən gələcək. Biz də cəmiyyətin mənəvi ehtiyaclarını, umacaqlarını vaxtaşırı dilə gətirən qələm əhli olaraq ona dəstək verməli, uğurlu fəaliyyətə həvəsləndirməliyik.  Necə deyərlər, çörəyi çörəkçiyə verməklə işimizi bitmiş hesab etməməliyik, bu “çörəy”in məmləkət insanının dərdinə dərman olmasına çalışmalıyıq.
Əlövsət Ağalarov, keçmiş millət vəkili,
“Azərnəşr”in baş redaktoru, əməkdar jurnalist

Bir cavab yazın