Bakıda ABŞ-ın Müstəqillik Günü qeyd edilib

İyulun 5-də ABŞ-ın Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin elan olunmasının 243-cü ildönümü ilə əlaqədar tədbir təşkil edib.

Əvvəlcə Azərbaycanın və ABŞ-ın dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer deyib ki, beynəlxalq arenada Azərbaycanın rolu artmaqda davam edir. ABŞ Azərbaycanın müstəqilliyinə hörmət edir və dəyərləndirir. “Azərbaycanı dəstəkləməyə davam edəcəyik. Ümid edirəm ki, hər iki ölkə dost və tərəfdaş kimi azadlıq və firavanlıq yolunda birgə addımlamağa davam edəcək”, – deyə diplomat əlavə edib.

Səfir qeyd edib ki, Azərbaycan ilə ABŞ arasında güclü tərəfdaşlıq və əməkdaşlıq mövcuddur.

Maliyyə naziri Samir Şərifov tədbirdə çıxış edərək ABŞ xalqını və hökumətini Azərbaycan Hökuməti adından təbrik edib. Nazir qeyd edib ki, ABŞ ilə Azərbaycan arasında güclü iqtisadi maraqlar mövcuddur və sosial-iqtisadi dialoqun genişlənməsi əlaqələrin inkişafına töhfə verir. ABŞ Cənub Qaz Dəhlizi də daxil olmaqla Azərbaycanın iştirakı ilə həyata keçirilən beynəlxalq enerji layihələrinə dəstək verir. Son zamanlar qarşılıqlı səfərlərin intensivliyinin artması əlaqələrimizin yüksələn xətt üzrə inkişafının göstəricisidir. “Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllində ATƏT-in Minsk Qrupunun sədri kimi ABŞ-ın səylərinə ümid bəsləyirik”, – deyə S.Şərifov qeyd edib.

Bir cavab yazın