Birinci vitse-prezident Kürdəxanını necə cənnətə çevirdi- Məktəb, yol, nəqliyyat və park problemi həll olundu-FOTOLAR

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu il may ayının 18-də Pir Həsən ziyarətgahında Kürdəxanı sakini Telman Əliyevlə görüşərkən qəsəbəyə dəvət edilməsi hamının ürəyincə oldu. M.Əliyeva cəmi üç gün sonra mayın 21-də Kürdəxanı qəsəbəsinə gələrək T.Əliyevin ailəsində qonaq olub. O, sakinlərlə apardığı söhbət zamanı onların problemləriylə maraqlanıb. Sakinlər isə ondan məktəblərinin və yollarının təmirə ehtiyacı olduğunu bildirib.
 M.Əliyevanın göstərişindən sonra Kürdəxanıda abadlıq işlərinə başlanılıb. İlk olaraq qəsəbənin yollarına asfalt çəkilib. Kürdəxanı qəsəbə bələdiyyə sədri Pərviz Dadaşov saytımıza təmir işləriylə bağlı bunları dedi:
“Doxsan yeddi küçəyə asfalt örtüyü çəkilib. Qəsəbə küçələrinin ən hər bir küçəsi asfaltlanıb. Küçələrin işıqlandırma sistemi də yenidən bərpa edilib. Bununla yanaşı, zeytunluq adlanan ərazidə qəsəbə sakinləri üçün iki hektar altmış sot ərazini əhatə edən “Zeytun Bağı” parkı salınıb. Burda da sakinlər normal istirahət edir. Parkda uşaqların istirahəti üçün də müxtəlif qurğular quraşdırılıb”.
Kürdəxanı qəsəbəsində yerləşən Hüseynbala Ağaverdiyev adına 113 nömrəli tam orta məktəbinə də baxış keçirdik. Məktəbin direktoru Rövşən Qasımov açıqlamasında Mehriban xanımın göstərişindən sonra məktəbin əsaslı şəkildə təmir olunduğunu bildirdi:
“Məktəbimizdə 2400 şagird təhsil alır. Məktəbimiz 1971-ci ildə tikilib. 2006-cı ildə bir dəfə təmir edilib. 2008-ci ildə əlavə korpus tikilib. Bu il isə əsaslı şəkildə yenidən təmir olunub. Məktəbimiz akt zalı, kabinet və müasir avadanlıqlarla təchiz edilib. Bununla yanaşı, idman zalı, meydançası, informatika otağı və yaşıllıq ərazisi salındı. Məktəbin istilik sistemi daha da təkminləşdirilərək əlavə qazanxanalar quraşdırıldı. Məktəbimizin həyətində Qarabağ şəhidlərinin abidəsi ucaldıldı”.
“Zeytun Bağı” parkına baxış keçirmək üçün ora yollandıq və burda istirahət edən qəsəbə sakinləriylə də görüşdük. Məlum oldu ki, burda qəsəbə sakinləriylə yanaşı, yaxınlarına baş çəkməyə gələn qonaqlar da var. Sakinlər onlara və azyaşlılara parkda yaradılan şəraitdən razılıqlarını bildirdilər. İlk növbədə isə bütün bunlara görə Mehriban xanım Əliyevaya minnətdarlıq etdilər.
Qəsəbənin uzun müddətdir ki, sakinlərin haqlı narazılığına səbəb olan köhnə avtobusları da yenisiylə əvəzlənib. Bakı Nəqliyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev saytımıza açıqlamasında qəsəbə avtobuslarının yenisiylə əvəz olunduğunu təsdiqlədi. Qurum rəsmisi bildirdi ki, gələcəkdə Kürdəxanı qəsəbəsi də qırmızı, yəni “Bakubus” avtobuslarıyla təmin olunacaq. Sakinlər isə indiki avtobusların komfortundan razıdırlar. Onlar hələ ki, bu avtobuslarla rahat şəkildə şəhərə gedib-gəldiklərini bildirdilər.
Qəsəbədəki abadlıq işləriylə tanış olmaq üçün sentyabrın 13-də Birinci vitse-prezident Mehriban Əliyeva Kürdəxanıda olub. M.Əliyeva qəsəbədə salınan istirahət parkıyla tanış olub. Bununla yanaşı, o, məktəbin də açılışında iştirak edib. Bu gün isə qəsəbə sakinlərinin bir problemi qalır. Bu isə qəsəbənin kanalizasiya sistemidir. Hazırda Pirşağıda bununla bağlı sutəmizləyici qurğuları tikilir. Bundan sonra isə qəsəbədə kanalizasiya xətləri də çəkiləcək. Bir sözlə Kürdəxanıda yeni abu-hava var və bunu isə hamı Mehriban xanım Əliyevaya borcludur.

Bir cavab yazın