BSU-nun 3 tələbəsinin təhsil xərcləri Gənclər Fondu tərəfindən ödəniləcək

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 mart 2018-ci il tarixli 1871 nömrəli əmrinə əsasən Azərbaycan Respublikasının Gənclər Fondunun Nizamnaməsinin 3.1.9-cu yarımbəndinə uyğun olaraq, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər qrupuna daxil olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi müsabiqəsi həyata keçirilib. Keçirilmiş müsabiqə nəticəsində Bakı Slavyan Universitetinin (BSU) Pedaqoji fakültəsinin “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının tələbəsi Aysel Məmmədovanın, Tərcümə fakültəsinin “Azərbaycan-rus dilləri tərcüməsi” ixtisasının tələbələri Ülkər Ağayevanın və Səbinə Qədirovanın təhsil xərclərinin Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən qarşılanması barədə qərar qəbul edilib.
BSU-nun müsabiqənin qalibi olmuş tələbələri bildiriblər ki, keyfiyyətli təhsilin gənclər üçün əlçatanlığının artırılması, yüksək intellekt səviyyəsinə, sağlam və müasir düşüncəyə malik, milli-mənəvi dəyərlərə sadiq vətənpərvər gəncliyin yetişdirilməsi, eləcə də sosial müdafiəyə ehtiyacı olan gənclərin dəstəklənməsi ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir. Tələbə-gənclər təhsilin inkişafına və gənclərə göstərilən hərtərəfli dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin göstərilən xüsusi diqqət və qayğıya görə Təhsil naziri cənab Ceyhun Bayramova və BSU-nun rektoru, professor Nurlana Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Bir cavab yazın