“Bu təkcə mənə yox, xalqımıza olan diqqət və qayğının bariz nümunəsidir…”


Xəbər verdiyimiz kimi Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti, muğam ustadı Əlibaba Məmmədovun evində qonaq olub.
 Ə.Məmmədov ona göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkür edib:
“Mən kifayət qədər xidmətləri olmuş bir sənətkaram. Mehriban xanımın məni ziyarət etməsi gözlənilməz oldu. Düşünürəm ki, bu təkcə mənə yox, xalqımıza olan diqqət və qayğının bariz nümunəsidir. Qoca kişiyəm, elə güclə yeriyirəm. Səhhətim də doxsan yaşında kişinin vəziyyəti necə olursa, elədir. Hamınıza təşəkkür edirəm”.
Qeyd edək ki, Əlibaba Məmmədov 1938-ci il fevralın 5-də Bakının Maştağa kəndində anadan olub. Musiqi təhsilini 1953-1958-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Suşinskinin sinifində alıb.
1945-ci ildə Azərbaycan Dövlət Filarmoniyasında solist, 1978-1988-ci illərdə “Azkonsert birliyi”nin solisti olub. 1968-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının nəzdində maestro Niyazinin təşəbbüsü ilə “Humayun” xalq çalğı ansamblını yaradaraq, rəhbərlik edib. Ə.Məmmədov 100-dən artıq mahnı və təsnif yaradıb. Onun ifa etdiyi “Rast”, “Bayatı Şiraz”, “Rabab”, “Dəşti” və başqa muğam dəsgahları səs yazıları AzTV-nin Fondunda saxlanılır.

Bir cavab yazın