Ceyhun Bayramov türkiyəli həmkarı ilə müzakirə apardı

Təhsil naziri Ceyhun Bayramovun dəvəti ilə Türkiyə Respublikasının Milli Təhsil naziri Ziya Səlçukun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

 

Səfər çərçivəsində qonaqlar Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və “Türk şəhidlliyi” abidəsini ziyarət edib, 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edib, həmçinin, bir sıra təhsil müəssisələrində olublar.

 

Oktyabrın 11-də Təhsil naziri Ceyhun Bayramov Türkiyə Respublikasının Milli Təhsil naziri Ziya Selçukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Təhsil naziri Ceyhun Bayramov qonaqları ölkəmizdə qarşılamaqdan məmnunluğunu və bu görüşün iki qardaş ölkə arasında əlaqələrin möhkəmlənməsində mühüm addım olduğunu bildirib. Nazir 31 oktyabr 2017-ci il tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”dən irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində müntəzəm olaraq fəaliyyətin davam etdirildiyini, Saziş çərçivəsində Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsinin bir çox istiqamətləri üzrə sıx əməkdaşlıq əlaqələrinin həyata keçirildiyini vurğulayıb. Həmçinin Ceyhun Bayramov iki ölkənin ali təhsil müəssisələri arasında sıx əlaqələrin olduğunu və geniş tələbə mübadiləsinin aparıldığını qeyd edib.

 

Öz növbəsində Türkiyə Respublikasının Milli Təhsil naziri Ziya Selçuk dəvətə və səmimi qarşılanmaya görə təşəkkürünü bildirib. O, həmçinin yüksək səviyyədə təşkil edilən 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak etməkdən məmnun olduğunu və bu sərginin təhsil sahəsində yeniliklərin mübadiləsində mühüm rol oynadığını vurğulayıb.

 

Görüşdə təhsil sahəsinə dair geniş fikir mübadiləsi aparılıb, Azərbaycan və Türkiyə arasında təhsil sahəsində, o cümlədən peşə təhsili sahəsində əməkdaşlıq istiqamətləri və gələcək perspektivlər müzakirə edilib.

Bir cavab yazın