Həsən Ruhani fransalı həmkarına şikayətləndi

 “Əgər Avropa öz öhdəliyini yerinə yetirməzsə, İran nüvə sazişi ilə bağlı öhdəliyin azaldılması istiqamətində üçüncü addımı icra edəcək”.
Bunu İran prezidenti Həsən Ruhani Fransalı həmkarı Emmanuel Makronla telefon danışığında deyib.
İran prezidenti deyib ki, İran İslam Respubliası “Hərtərəfli Birgə Fəaliyyət Planı”nı qorumaqda maraqlıdır: “HBFP-nin maddələri dəyişilməzdir və bütün tərəflər həmin sazişə dair öhdəliklərini icra etməlidir”.
Ruhani qeyd edib ki, hazırkı müzakirələrdə HBFP-nin öhdəliklərini bütün tərəflərin icra etməsi və beynəlxalq sularda gəmiçiliyin təhlükəsizliyini təmin edilməsi əsas məqsəddir.
Telefon danışığında Ruhani həmçinin Yəmənin məzlum xalqının vəziyyəti ilə bağlı da Fransalı həmkarı ilə danışıb: “Yəmən böhranı müharibə yolu ilə həll olunmayacaq. Çalışmalıyıq ki, siyasi danışıqlar və lazimi addımlarla bu ölkədə ədalətli və davamlı sabitlik yaransın”.
Bölgədə yeni müharibənin alovlanmasının heç bir ölkənin xeyrinə olmadığını deyən Ruhani İsrail rejiminin bu gün İran, İraq, Livan və Suriya kimi ölkələrə qarşı təcavüzkar addımları ilə fəxr etməsini pisləyib.
Telefon danışığında E.Makron İran XİN başçısı Məhəmməd Cavad Zərifin Fransaya səfərini müsbət dəyərləndirib və bildirib ki, bu səfər İran İslam Respublikasının müzakirələrdə öz öhdəlik və mənafeyini təmin etmək üçün iradəli olduğunu göstərdi.
Gələn həftə ərzində İran və Fransa iqtisadi ekspertlərinin Parisdə görüş keçirəcəyini deyən Makron deyib ki, danışıqların davamlı aparılması və problemlərin həllinin müzakirə yolu ilə çözülməsi ən optimal variantdır.

Bir cavab yazın