İlham Əliyevin çıxışından sitat gətirmiş erməni saytına basqın edənlər barədə cinayət işi başlandı…

 Xəbər verdiyimiz kimi, Ermənistan Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanın bacısı – Anjela Tovmasyan sahibi olduğu Hayeli.am (“Güzgü”) saytında “Əliyevin Paşinyana gecikmiş, lakin güclü cavabı” başlıqlı məqalə dərc edib. Bu məqaləyə görə, bir qrup erməni millətçisi dünən- oktyabrın 5-də Anjela Tovmasyanı və onun qardaşını “anti-Qarabağ” mövqeyində ittiham edərək qəzetin redaksiyasına hücum təşkil edib. Onlar “Güzgü” Mətbuat Klubunun qapılarına yumurta atıb, plakatlar yapışdırıblar və bu media qurumunun bağlanmasını tələb ediblər.

 Rusiya mediasının yaydığı məlumata görə, “Hayeli” portalının redaksiyasında baş verən hadisə ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin “Jurnalistin qanuni peşə fəaliyyətinə mane olmaq” maddəsi ilə cinayət işi başlanıb.  Bu barədə Ermənistan Baş prokurorunun müşaviri Qor Abrahamyan deyib. “Cinayət işinin başlanması əmri Yerevan prokuroru tərəfindən verildi” -deyə o bildirib.
Bəhs edilən maddənin sanksiyalarına görə,  qəzet redaksiyasına hücum etmiş şəxsləri minimum əmək haqqının 200-dən 400-dək mislinədək miqdarında(təxm. 220-440 dollar) cərimə gözləyir( Ermənistanda MƏH 1000 dram, yaxud 2,1 ABŞ dollarıdır).
Xatırladaq ki, oktyabrın 3-də Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasının plenar sessiyasında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışında erməni baş nazir N.Paşinyanın bir neçə ay öncə Xankəndində işlətdiyi “Qarabağ Ermənistandır. Və nöqtə” şüarına cavab olaraq  “Qarabağ – Azərbaycandır. Və nida işarəsi”  deyib.

Bir cavab yazın