Leyla Əliyevadan gənc yazara hədiyyə – FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından Modern.az saytının əməkdaşı, gənc yazar Leyla Şaha (Əsədullayeva) hədiyyə verilib.

Hədiyyəni Leyla Şaha Heydər Əliyev Fondunun əməkdaşları təqdim ediblər. Hədiyyə Leyla Əliyevanın imzalı şeirlər kitabından ibarətdir. Leyla Şah sevincini çalışdığı Modern.az saytı ilə bölüşüb:
“Bu yaxınlarda tədbirlərin birində çox hörmətli Leyla xanım Əliyeva ilə görüşdüm. Bu, artıq bizim ikinci görüşümüz idi. İlk görüşümüz Qəbələdə şeir festivalında olmuşdu və həmin vaxt Leyla xanımla mənim vətənpərvərliklə bağlı şeirlərimiz eyni kitabda ardıcıl səhifələrdə çap olunmuşdu. Şeir yazarı olduğumu bilən Leyla xanım məndən kitabımı oxumaq üçün ona göndərməyimi istədi. Mən isə kitabım çapdan çıxmadığı üçün ona şeirlərimin dərc olunduğu ədəbi jurnallardan hədiyyə edəcəyimi bildirdim.  Ayrıldıqdan bir neçə gün sonra Heydər Əliyev Fondunun əməkdaşları mənə yaxınlaşaraq, Leyla Əliyevanın adından onun mənə göndərdiyi hədiyyəsini təqdim etdilər. Bu mənim üçün həqiqətən çox böyük bir sürpriz oldu. Bu hadisəni mən Leyla xanımın bir yaradıcı gəncə göstərdiyi diqqət fonunda, Azərbaycan gəncliyinə olan diqqət kimi qəbul edirəm. Hədiyyə və diqqət üçün Leyla Əliyevaya təşəkkür edirəm. Gənc yazar üçün kitab ən qiymətli hədiyyədir. Hədiyyəni ən əziz bir xatirə olaraq saxlayacam.
Leyla Əliyevanın gənclərə qarşı nümayiş etdirdiyi sadəlik və səmimiyyət bizə öz işimizdə hər zaman stimul verir. Onun gənclərimizin inkişafı naminə bir çox təşəbbüslaəri olub.  “Yarat” incəsənət mərkəzi Leyla xanımın istedadlı gənclərin inkişafına göstərdiyi dəstəyin ən bariz nümunəsidir. Bugün “Yarat” İncəsənət Mərkəzində bir çox istedadlı gənc öz yaradıcı işlərini ödənişsiz olaraq kütləyə təqdim etmək imkanı qazanıblar. “Yarat” incəsənət mərkəzinin həyata keçirdiyi tədbirlər nəinki Azərbaycanda, dünyanın bir çox ölkələrində tanınmaqdadır. Mən də yaxın günlərdə öz yaradıcı işlərimi Leyla xanımın  oxuması üçün Heydər Əliyev Fonduna təqdim edəcəyəm və Fondun əməkdaşlarından xahiş edirəm ki, bu işdə mənə yaxından köməklik göstərsinlər…”.
Leyla Şah (Əsədullayeva) 2016-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2017-ci ildə isə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir illik prezident mükafatına layiq görülüb. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universititetində “Televiziya və Kino Rejissorlu” fakültəsində təhsil alır.

Bir cavab yazın