“Məqsəd cəmiyyət və Təhsil Nazirliyi arasında körpü rolunun təminatıdır”

“Çox keçməz, belə bir Şuranın yaradılması təhsilimizə öz töhfəsini verər…”
Məlum olduğu kimi bir müddət əvvəl, daha dəqiq desək cari ilin iyulunda (11 iyul 2019-cu il) Nazir Ceyhun Bayramov Təhsil Nazirliyinin yanında İctimai Şuranın yaradılması haqqında əmr imzalamışdı. İctimai Şuranın yaradılması Təhsil Nazirliyinin fəaliyyətində şəffaflığın daha da artırılması, təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsini təmin etmək məqsədi daşıyır. Başqa sözlə İctimai Şura təhsil sahəsində müxtəlif məsələlərin müzakirəsi üçün məsləhətləşmələr təşkil etmək, təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı Təhsil Nazirliyinə təkliflər vermək və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik olan məşvərətçi qurumdur.
DünənTəhsil naziri Ceyhun Bayramovun Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüşü oldu.
Görüşdə Təhsil naziri nazirliyin ictimaiyyətlə qarşılıqlı fəaliyyəti istiqamətində görülən işlərdən danışıb. Nazir bildirib ki, Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında təhsillə bağlı məsələlərin həllində ictimai dəstək qazanılması üçün effektiv icra mexanizminin formalaşdırılmasına xüsusi önəm verilir və yeni yaradılan İctimai Şura bu baxımdan əhəmiyyətli rola malik olacaq. Nazirlik yanında bu qurumun yaradılmasında əsas məqsəd nazirliyin fəaliyyətində şəffaflığı artırmaq, təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı münasibəti gücləndirmək və maarifləndirmə işlərini genişləndirməkdir.
Nadir İsrafilov adlı şəxsin şəkli.
Görüşdə çıxış edən İctimai Şuranın üzvlərindən Şahlar Əsgərov, Etibar Əliyev, Asif Cahangirov Hikmət Əlizadə, İlqar Orucov və digərləri Təhsil sahəsində görülən işlərə və həllini gözləyən məsələlərə diqqəti yönəltməklə ictimaiyyət tərəfindən onlara göstərilən bu etimadı doğruldacaqlarını qeyd edib və Şuranın fəaliyyətinin təhsillə bağlı müxtəlif məsələlələrin ictimai müzakirəsinin və həllinin daha səmərəli təşkilinə xidmət edəcəyini bildiriblər.
Görüş işgüzar şəraitdə keçib, Şuranın fəaliyyətinin təşkilatı məsələləri müzakirə edilib. Şuranın Əsasnaməsi hazırlandıqdan və qəbul edildikdən sonra yaxın vaxtlarda nəzərdə tutulan növbəti yığıncaqda digər təşkilati məsələlərə baxılması, sədr, müavin və katibin seçilməsi, fəaliyyət planının hazırlanması, nəzərdə tutulan ilkin vəzifələrin müzakirəsi planlaşdırılır.
Sonda Təhsil naziri İctimai Şura üzvlərinə üzvlük vəsiqələrini təqdim edib, Şura üzvlərinin yaradıcı fəaliyyət göstərmələri üçün lazımı tələblərə cavab verən işgüzar mühit yaradılmasına əminlik bildirib.
Nadir İsrafilov adlı şəxsin şəkli.
Son olaraq onu qeyd edim ki, Təhsil Nazirliyi yanında İctimai Şuranın yaradılması ölkə başçısının İctimai iştirakçılıq haqqında sərəncamına əsasən Milli Məclis tərəfindən qəbul olunan qanunun tələblərindən irəli gələn məsələdir.
Azərbaycan Respublikası Təhsil Nazirliyi adlı şəxsin şəkli.
Bu, Azərbaycanda Təhsil Nazirliyinin yanında yaradılan ilk İctimai Şuradır. Məqsəd cəmiyyət və Təhsil Nazirliyi arasında körpü rolunun təminatıdır. Təhsillə bağlı vətəndaşların etdiyi müraciətlər, o cümlədən, 11 nəfər üzvün bu məsələ ilə əlaqəli fikirləri İctimai Şurada səsləndiriləcək və yekun qərarın qəbulu Təhsil Nazirliyinin səlahiyyətində olacaq.
Nadir İsrafilov
 
Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, təhsil eksperti

Bir cavab yazın