Milli Məclisdə “Azərbaycan Avropa məkanında” adlı konfrans keçirilib

Aztv.news Aztv.az-a istinadla bildirir ki, Mayın 29-da Milli Məclisdə “Azərbaycan Avropa məkanında” adlı konfrans keçirilib.

Konfransda çıxış edən Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov Azərbaycanın çox vacib geosiyasi məkan olduğunu deyib. Bildirib ki, Azərbaycanda müntəzəm olaraq beynəlxalq tədbirlər keçirilir və bu ölkə dünya xalqları arasında beynəlxalq dialoq mərkəzlərindən biridir. Bu tədbirlərdə çoxlu sayda Nobel mükafatları laureatları iştirak edir.

S.Markov qeyd edib ki, Azərbaycan xristian və müsəlman dünyasının, Asiya və Avropanın kəsişməsində yerləşir və buna görə də müxtəlif sivilizasiyalar arasında nadir rol oynayır. Biz hamımız dialoqun tərəfdarıyıq. Hər bir xalqın bir sıra problemləri var. Çox vacibdir ki, biz həmin problemləri başa düşək və onların həlli üçün yolları birgə axtaraq.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Fuad Axundov çıxış edərək diqqəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə cəlb edib. O deyib ki, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir. Ermənilər Azərbaycan torpaqlarına iki əsr əvvəl çar Rusiyası tərəfindən yerləşdirilib. Ermənistan monoetnik ölkədir, orada yalnız ermənilər yaşayır. Hazırda da Ermənistanın əhalisi yalnız ermənilərdən ibarətdir. Qafqaz elə bir regiondur ki, burada müxtəlif xalqlar yaşayır. Ona görə də monoetnik dövlətin burada olması çox təəccüblüdür. Yaponiya da monoetnik ölkədir. Ancaq bu, təbiidir. Çünki bu ölkə hər tərəfdən su ilə əhatə olunub. Ermənistanın ətrafında isə Azərbaycan, Gürcüstan, Türkiyə var, onlar hamısı polietnik ölkələrdir. Burada müxtəlif dinlərə, dillərə mənsub xalqlar yaşayır. Ermənilər işğal etdikləri Dağlıq Qarabağda etnik təmizləmə aparıblar, oradan azərbaycanlılar çıxarılıb. Bu, nasist siyasətidir.

Fuad Axundov qeyd edib ki, Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünyaya çatdırır.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, Azərbaycanın torpaqları Ermənistan tərəfindən işğal edilib. BMT-nin qətnamələrində Azərbaycan ərazilərinin işğal altında olduğu aydın şəkildə göstərilib. Lakin dünya ictimaiyyəti buna biganə yanaşır, ikili standartlar nümayiş etdirilir.

Azərbaycandakı təhlükəsizlikdən danışan Səməd Seyidov deyib: “Strasburqun mərkəzində bir sinaqoq var. Ancaq bu sinaqoqun qapısı həmişə bağlı olur. Məsələ onda deyil ki, oraya kimsə ibadətə getmir. Sinaqoqun qapısının bağlı olması təhlükəsizliklə bağlıdır. Çünki Avropada antisemitizm mövcuddur. Amma Avropadan fərqli olaraq, Bakının mərkəzində sinaqoq var və oranın qapısı daim açıqdır. Azərbaycan əhalisinin 95 faizi müsəlman olsa da, ölkəmizdə kilsələr, sinaqoqlar fəaliyyət göstərir. Hazırda Bakıda erməni kilsəsi də mövcuddur. Amma Azərbaycanın işğal edilmiş ərazilərində bizim tarixi abidələrimizin heç biri qalmayıb.

Sonra mövzu ilə bağlı müzakirələr aparılıb.

Konfransda Avropa Parlamentinin, Almaniya, Rusiya, Slovakiya, Fransa, Polşa, Bolqarıstan parlamentlərinin və xarici qeyri-hökumət təşkilatlarının üzvləri iştirak ediblər.

Bir cavab yazın