Mingəçevir Dövlət Universiteti və AzTU-nun birgə təşkilatçılığı ilə konfrans keçirilib – FOTO


29 noyabr 2019-cu il tarixində Mingəçevir şəhərində Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə “Sosial-İqtisadi İnkişafın Dayanıqlı Enerji Təminatı: universitet–sənaye iş birliyi və innovativ kadr hazırlığı” mövzusunda I regional elmi-texniki konfrans keçirilib.
Hər iki ali təhsil müəssisəsinin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi konfransı açan Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov tədbirin təşkil olunmasında əsas məqsədin energetika sisteminin kadr və elmi-metodiki təminatında universitetlərin rolu, energetikanın müasir problemləri, regionların sosial-iqtisadi inkişafının təmin olunması baxımından elektrik stansiyalarının əhəmiyyəti və digər mövzularda müzakirələrin aparılmasından ibarət olduğunu bildirib. Ş.Bayramov Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası ilə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi çərçivəsində keçirilən konfransda universitet – sənaye işbirliyi mövzusunda ətraflı fikir mübadiləsinin aparılmasının və potensial əməkdaşlıq imkanlarının müəyyən edilməsinin nəzərdə tutulduğunu qeyd edib. Tədbirdə şəhər rəhbərliyinin, “AzərEnerji” ASC-nin səlahiyyətli nümayəndəsinin, “Mingəçevir Su Elektrik Stansiyaları Silsiləsi” MMC-nin və “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin rəhbər şəxslərinin iştirakının konfransın qarşıya qoyduğu məqsədlərə çatması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Hazırda universitetlərin missiyasının dəyişməsi və onların yerləşdikləri regionun inkişafının əsas drayverinə çevrilməsi konseptini vurğulayan Ş.Bayramov Mingəçevir Dövlət Universitetinin də Mingəçevir və ətraf rayonların sosial-iqtisadi inkişafına töhfə verməsinə çalışdığını diqqətə çatdırıb.
Qonaqları Mingəçevir şəhərində salamlayan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov konfransın çox aktual bir məsələyə həsr olunduğunu vurğulayıb. İ.İsmayılov Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn çağırışlar arasında mühüm yer tutan dayanıqlı enerji təminatı məsələsinə ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən dövlət siyasətinin məzmununda xüsusi önəm verildiyini diqqətə çatdırıb.
Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev hər iki ali təhsil müəssisəsinin energetika sistemi üçün yüksək ixtisaslı kadr hazırlığı və müvafiq elmi-tədqiqatlar apardığı barədə məlumat verib, təşkil olunan konfransın bu istiqamətdəki fəaliyyətin təkmilləşdirilməsinə mühüm töhfə verəcəyinə əminliyini bildirib. V.Vəliyev tədbir çərçivəsində aparılacaq müzakirələrdə əmək bazarının mövcud və potensial ehtiyaclarının öyrənilməsinin və universitetlər tərəfindən istehsal müəssisələri üçün təklif oluna bilən müvafiq tədris və tədqiqat xidmətlərinin müəyyən edilməsinin hədəfləndiyini diqqətə çatdırıb. Mingəçevir şəhərinin ölkəmizin energetika sistemində aparıcı yer tutduğunu vurğulayan V.Vəliyev Mingəçevir Dövlət Universiteti ilə birlikdə bu şəhərdə yerləşən istehsal müəssisələri ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi üçün sistemli və ardıcıl tədbirlər həyata keçirəcəklərini bildirib.
Konfrans iştirakçılarını “AzərEnerji” ASC-nin rəhbərliyi adından salamlayan vitse-prezidentin müavini Vüqar Şahmuradov son illər ərzində ölkəmizin energetika sisteminin modernləşdirilməsi və elektrik stansiyalarında müasir texnologiyaların tətbiqi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. V.Şahmuradov hər iki universitet tərəfindən irəli sürülən əməkdaşlıq təşəbbüslərini yüksək qiymətləndirib və tədrisin məzmununun təkmilləşdirilməsi sahəsində ali təhsil müəssisələrinə müvafiq dəstəyin göstərilməsinə hazır olduqlarını qeyd edib.
Konfransın plenar iclasında Azərbaycan Texniki Universitetinin “Elektromexanika və elektrik avadanlığı kafedrasının” professoru, texnika elmləri doktoru Allahverdi Orucov “Elektroenergetikanın müasir problemləri və bu sahə üçün kadr hazırlığının aktual məsələləri” və Mingəçevir Dövlət Universitetinin “Energetika” kafedrasının müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Ülkər Aşurova “Azərbaycanın energetika sisteminin kadr və elmi-metodiki təminatında universitetlərin rolu” mövzularında məruzə ediblər.
Eyni zamanda, “Azərbaycan İstilik Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Təhmasib Hüseynov “Regionların sosial-iqtisadi inkişafında elektrik stansiyalarının rolu” və “Mingəçevir Su Elektrik Stansiyaları Silsiləsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş mühəndisi Azad Səmədov “Milli energetikamız yeni inkişaf mərhələsində” mövzularında çıxış ediblər.
Sonra professor-müəllim və tələbə heyəti üzvlərinin laboratoriyaların inkişafı, tədrisin məzmunu, adlı təqaüd, təcrübənin təşkili, işə qəbul və digər mövzularla bağlı çoxsaylı sualları cavablandırılıb.
Plenar iclasın sonunda rektorlar tərəfindən “Azərbaycan Texniki Universiteti və Mingəçevir Dövlət Universiteti arasında təhsil, elm və innovasiya fəaliyyəti üzrə qarşılıqlı əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanıb.
Konfrans çərçivəsində “Azərbaycan İES” MMC və “Mingəçevir SES” MMC-yə səfər edən professor-müəllim və tələbə heyəti üzvləri istehsal prosesi ilə yaxından tanış olublar.
Konfransın işində fəal iştirak edən hər iki universitetin tələbələrinə sertifikatlar təqdim olunub.
Tədbirin təşkilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının MDU tələbələrindən ibarət komandası fəal iştirak edib.

Bir cavab yazın