Nərmin adlı ağrım…

Bu gün kimdən yazacağımı bilmirəm: Vəhşətdən beynimiz ovxalanıb  tökülən zaman üz tutduğumun dərgahına dikəlirəm… Amma Ondan da sormağa bir sözüm yox… Yaddaşımda çiliklənən sözlər bir ovuc şüşə qırıntısı kimi batıb qalıb boğazımda. Danışada bilmirəm, uda da…

Yanıb kösöy olan cəsədini paylaşdıq, hamıya-görənlərə təkrar-təkrar, görməyənlərə gözü dörd olub baxsın deyə dönə-dönə göstərdik. Nərmininmi bəxti gətirib ya bizimmi bilmirəm, yanıb külə dönməyə macal tapmamıış cəsədini allı-güllü parçaya büküb qabağına qoyub ağlayan anaya, nənəyə, el-obaya baxdıq. Hər kəsin sol əli gözlərini dumanlandıran yaşları silməkdə…

Faciələr bizi nədənsə sarsıtmadı. Əvvəl Elina … növbəti dəfə  Nərmin… Ağlayaraq sadəcə faciəni yaşamağı bacardığımızı göstərdik. Həm özümüzə, həm  özgələrə. Sonra Nərmini də saqqız kimi yapışqanlı torpağa aparıb  gömdük  Elina kimi…

İndi “Nərmin üçün susma” deyib qışqırmaq mərhələsini yaşayırıq faciənin.. Nə baş verəcək susmasaq, imza toplasaq Nərmin üçün… Axı az öncə Elina üçün susmamışdıq. Ölümündən sonra hər kəs bir Elina oldu. Əslində isə onların ölümü olmadı. Nə Elinanın, nə də Nərminin… Bu nə isə yeni bir şey-bizim yaratdığımız, törətdiyimiz MƏHV!

Fərq etməz paytaxtın mərkəzində və yaxud ucqar bir kənddə… Demək ki, bu var: özümüzü məhv etmək, özümüzü inkar etmək.

Saçlarına sadə çiçəklərdən hördüyü çələngi Nərmin məhv olmasaydı heç vaxt görməyəcəkdik… Şansa bax… Bir də əlini belinə qoyub bizi-bizdən qoruyan duruşunu. Beləcə aramızdan aldıq Nərmini. Və… cəmiyyətdə xaos yaranır. Boşluqlarda hər kəs bir Nərmin yaradır.

Nərminin nəşinə ağlayan qadınlara, barmaqları bir-birinə kilidlənmis qapqara kişilərə baxanda bilmək olmur sabahın ssenarisini…

Ağlaşma səsi, təəssüf kəlmələri artdıqca saçlarında çiçək çələngi bizdən uzaqlaşır Nərmin…

Hər kəs içindəki bitməyən bozluqdan qorusun balalarımızı. Nə edək “insan çiy süd əmmiş”- deyə sığortamız var…

Arada sonsuz bir qara boşluq var: insanlar və Elina, Nərmin aralığında…

Yeni ssenaridə heç kim bilə bilməz kimin balası içimizdəki bitməyən bozluğa duşəcək və həm də durub bir adamın cəsarəti olmaz ki bu vəhşiliyin davam etməyəcəyi barədə söz açsın.

Udmağa və uduzmağa oyun meydanına heç gərək yox. Biz özümüz özümüzü uduzmağa bacarırıq. Məsələn, Elina kimi, Nərmin kimi…

Nərminin yanmağından da kədərli daha bir nüans var: Biz faciələri  yaşamağa alışdıq.

Yaradandan soruşmaq istədiyim sözləri yaxşı xatırlayıram. Amma soruşmağa qorxuram.

O, bilir qəlbimdə əzilənləri…

Təbəssümdən və çiçəklərdən də qorxuram..

Səhər Şıxəli  Manaf

 

 

Bir cavab yazın