Ulu Öndərin “Səhər”i

Radioanons

Bugünkü azad və müstəqil Azərbaycanımızın əldə etdiyi hər bir nailiyyət o Böyük İnsanın – Heydər Əliyevin adı ilə bağlıdır. İstər Sovetlər Birliyi, istərsə də suverenlik qazandığımız dönəmlərdə Heydər Əliyev öz xalqının yanında olmuş, dərin zəkası, uzaqgörən siyasəti, zəngin idarəçilik təcrübəsi ilə Azərbaycanı tarixin ən çətin sınaqlarından uğurla çıxararaq işıqlı gələcəyə doğru inamla aparmağı bacarmışdır.

…Ötən əsrin 60-cı illərində ölkə iqtisadiyyatı dərin böhran içərisində idi. Yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın dirçəlməsi üçün yeni konseptual yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatı sahəsində köklü struktur dəyişiklikləri aparılmalı idi. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü belə bir çətin vaxtda – 1969-cu ilin 14 iyulunda başladı: Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Heydər Əliyev dərhal bütün sahələrdə ciddi dəyişikliklərə, geniş quruculuq işlərinə rəvac verdi. Tarixi inkişafın sonrakı gedişi sübut etdi ki, indiki müstəqil Azərbaycanı Heydər Əliyev hələ o zamandan qurmağa başlamışdı. Ölkəyə rəhbərlik etdiyi həmin illərdə Heydər Əliyev bütün maneələrə baxmayaraq, Sovet hökumətinin Azərbaycanın hərtərəfli inkişafını təmin edən qərarlar qəbul etməsinə nail olmuş, Azərbaycanı ən qabaqcıl kənd təsərrüfatı və sənaye respublikasına çevirməyi bacarmışdı…

Əziz dinləyicilər! Bu gün ulu Öndərin doğma Azərbaycanımızın rəhbərliyinə gəlməsindən 50 il ötür. Bu tarixi hadisə barədə sabah – şənbə günü radiomuzun “Səhər” proqramının canlı efirində (saat 8.00-dan etibarən) ətraflı söz açılacaqdır. Studiyamızın qonağı millət vəkili, Yeni Azərbaycan Partiyasının üzvü Aydın Hüseynov olacaq.

Ulu Öndərin “Səhər”ini dinləməklə unudulmaz xatirəsini bir daha yad etmiş olacaqsınız.

Bir cavab yazın