XV Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi Gəncədə konsert təşkil edib

İyulun 14-ü Gəncə Dövlət Filarmoniyasında “Bakı-2019” Avropa Gənclər Yay Olimpiya Festivalı (AGOF) çərçivəsində konsert keçirilib.

Konsert proqramı çərçivəsində “Bakı-2019” AGOF könüllülərinin ulduz səfirləri aparıcı və xeyriyyəçi Hacı Nuran, muğam ifaçısı Mirələm Mirələmov və Kamilə Nəbiyeva və “O Səs Türkiyə” yarışmasının finalçısı Leyla Rəhimova çıxış edib.

Tədbirin keçirilməsində əsas məqsəd Avropa Gənclər Olimpiya Festivalının dəyərlərini, habelə idman və sağlam həyat tərzini əhali arasında təbliğ etmək olub. Bu konsertin keçirildiyi məkan isə təsadüfən seçilməyib – Gəncə şəhəri Avropanın İdman Şəhərləri və Paytaxtları Federasiyasının (ACES Europe) qərarına əsasən 2019-cu il üçün idman şəhəri elan olunub.

Könüllülər öz növbələrində tədbirin keçirilməsində mühüm rol oynayıblar. Onlar tədbirin təşkil olunmasında, qonaqların qarşılanması və yerləşdirilməsində, logistika işlərində yaxından iştirak edib, gələn qonaqları festival haqqında ətraflı məlumatlandırıblar.

Tədbirdə iştirak edən “Bakı-2019” Avropa Gənclər Yay Olimpiya Festivalının korporativ direktoru Elçin Səfərov qeyd edib: “Zəngin idman ənənələrinə sahib ölkəmizdə son illərdə keçirilən beynəlxalq idman yarışları ölkə əhalisinin bu sahəyə marağının artmasına səbəb olub. Gəncə şəhəri hər zaman Azərbaycanın idman mərkəzlərindən biri olub, bizim bir çox istedadlı idmançılarımız məhz bu şəhərdə doğulub, idmana ilk addımlarını burada atıblar. Ümid edirik ki, növbəti illər ərzində də biz Azərbaycan bayrağını ucalara qaldıran bir çox Gəncə yetirmələri görəcəyik”.

Məlumat verilib ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın on növü – gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

Bir cavab yazın