“Yaxın illərdə bütün məcburi köçkünlər evlə təmin olunacaq”


Xəbər verdiyimiz kimi, yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib.
Müşavirədə İlham Əliyev bildirib ki, şəhid ailələri və Qarabağ əlilləri üçün bu il daha çox evlər tikilməlidir:
“Əgər keçən il 934 mənzil verilmişdisə, bu il hesab edirəm ki, 1 500 mənzil verilməlidir. Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi bu məsələ ilə bağlı müvafiq göstərişlər versinlər. Beləliklə, əgər biz buna nail olsaq, əminəm ki, buna nail olacağıq, onda növbədə cəmi 2000 ailə qalacaq. Onları da biz yaxın illərdə evlərlə təmin edəcəyik”.
Müşavirə ilə bağlı fikirlərini Lent.az -la bölüşən Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bildirib ki, Azərbaycanda hər il şəhid ailələrinə, Qarabağ əlillərinə mənzil verilir:
“Bunun əsasını Ümummilli lider Heydər Əliyev qoyub və bu siyasət uğurla davam etdirilir. Ötən il verilən evlərin sayı artırılaraq 934 oldu, bu il isə artıq qarşıya məqsəd qoyuldu ki, say 1500 olsun. Evlərin verilmə prosesində QHT rəhbəri kimi hər il yaxından iştirak edirəm.
Sevindirici haldır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ev növbəsində olanların siyahısını rəsmi saytında yerləşdirir və hər kəs buna baxa bilir. Bundan başqa ailə sayına görə otaq sayları müəyyənləşir və şəffaflıq üçün vətəndaş evin mərtəbəsini püşkatma nəticəsində seçir.
Ümumiyyətlə, son dövrlərdə ölkədə iqtisadi imkanların artması şərait yaradır ki, sözügedən kateqoriyaya aid olan şəxslərin yaxın illərdəki mənzil problemi bütünlükdə həll edilsin.
Ötən il şəhid ailələrinə və müharibə əlillərinə 600 avtomobil verilib. Bütövlükdə isə bu kateqoriyadan olan insanlara 6 750 avtomobil verilib. Düşünürəm ki, bu proses davam ediləcək və uğurla yekunlaşacaq. Bununla bərabər hərbçilərimizə, qaçqınlara, məcburi köçkünlərə də evlər verilərək, çadır şəhərcikləri ləğv edilir və böyük şəhərlərdə qəsəbələr salınır. Yaxın illərdə bütün məcburi köçkünlər evlə təmin olunacaq”.
E.Həsənli həmçinin ötən il şəhid ailələrinə, Qarabağ əlillərinə, müharibə veteranlarına, milli qəhrəmanlara verilən təqaüdlərin və müavinətlərin artırılması, eləcə də ümumi pensiyaların, minimum əməkhaqqının, minimum yaşayış həddinin artırılmasından söz açaraq bildirdi ki, dövlət büdcəsinin ən üstün cəhətlərindən biri də onun sosialyönümlü olmasıdır:
“Bildiyiniz kimi, məktəblərin, xəstəxanaların tikilməsi və təmiri, hərbi hissələrin müasirləşdirilməsi, yolların təmiri qarşıya qoyulan məqsədlər sırasındadır”.

Bir cavab yazın